Bakı. Trend:
Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən çox qatlı klapanlı kraft-kağız kisələrin istehsalı layihəsi həyata keçiriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Aztech Packing” MMC-yə agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Ümumi dəyəri 40 milyon manatdan çox olan layihə çərçivəsində Sənaye Parkının ərazisində çoxqatlı klapanlı kraft-kağız kisələrin istehsalı təşkil ediləcək. Layihə üzrə ildə 110 milyon kisə istehsalı planlaşdırılır.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə vermək və sənaye sahəsində məşğulluğu artırmaqdır.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən çox iş yeri yaradılıb.
