Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,37 ABŞ dolları və ya 1,33% ucuzlaşaraq 101,40 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,37 dollar və ya 1,4% ucuzlaşaraq 96,64 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,24 dollar və ya 3,08% azalaraq 70,44 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,53 dollar və ya 1,57% azalaraq 99,09 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 83 dollar ətrafına düşərək həftəlik artımını tamamilə itirib.
"Beləliklə, neft qiymətləri ardıcıl dördüncü həftəlik enişə
doğru irəliləyir. Buna səbəb bazarda təklifin artacağı ilə bağlı
gözləntilərin və Hörmüz boğazından neft daşımalarının sabit
qalmasının Yaxın Şərqdə artan geosiyasi riskləri üstələməsidir.
Beynəlxalq Enerji Agentliyi (IEA) bu ilin cari rübündə neft
təklifinin tələbi üstələyəcəyini proqnozlaşdırır. Bu, Fars körfəzi
ölkələrindən neft tədarükünün bərpası ilə əlaqələndirilir.
Vortexa şirkətinin gəmilərin hərəkətini izləmə məlumatlarına
əsasən, Hörmüz boğazından gəmiçilik indiyədək sabitliyini
qoruyub.
Bununla belə, Yaxın Şərqdə enerji infrastrukturuna və neft
tankerlərinə hücumların intensivləşməsi mümkün tədarük fasilələri
ilə bağlı narahatlıqları artırmaqda davam edir.
Eyni zamanda, treyderlərin diqqəti bazar günü keçiriləcək OPEC+
iclasına yönəlib. İclasda alyansın 2027-ci il üzrə neft hasilatı
strategiyasının müzakirə ediləcəyi gözlənilir.
Məlumata görə, üzv ölkələr hasilat imkanları ilə bağlı fikir
ayrılıqları fonunda yanvar ayı ərzində mövcud hasilat kvotalarının
saxlanılması variantını nəzərdən keçirirlər", - məlumatda qeyd
edilib.
