İtaliya şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmaqda maraqlıdır (ÖZƏL)

İqtisadiyyat Xəbər 27 Noyabr 2026 17:46 (UTC +04:00)
İtaliya şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmaqda maraqlıdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

İtaliya maşınqayırma şirkətləri Azərbaycanda istehsal müəssisələrinin yaradılması və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında iştirak imkanlarını nəzərdən keçirirlər.

Bu barədə Trend-ə İtaliyanın "Anima Confindustria" federasiyasının xarici və beynəlxalq əlaqələr üzrə baş müşaviri Antonio Baskerani (Antonio Bascerani) bildirib.

Onun sözlərinə görə, Anima Confindustria İtaliya maşınqayırma şirkətlərinin maraqlarını təmsil edir və onların beynəlxalq fəaliyyətinin genişləndirilməsinə dəstək göstərir.

O qeyd edib ki, hazırda İtaliya şirkətlərinin Azərbaycan bazarına daxil olması üçün əlverişli məqamdır. Belə ki, Azərbaycan həm zəruri resurslara, həm də inkişaf strategiyasına malikdir və müvafiq səriştələrin, eləcə də texniki bilik və təcrübənin (nou-hau) cəlb edilməsində maraqlıdır.

"Bu, təmsil etdiyimiz sənaye sahəsinin imkanları ilə üst-üstə düşür", - deyə o bildirib.

"Anima Confindustria"şirkətlərə bazar seçimi və potensial tərəfdaşların tapılması məsələlərində məsləhət xidmətləri göstərir. Onun təmsil etdiyi müəssisələrin əksəriyyəti kiçik və orta biznes subyektləridir. Bu şirkətlər konkret layihələrin ehtiyac və xüsusiyyətlərini nəzərə alaraq xarici tərəfdaşlarla birlikdə həll yolları hazırlamağa hazırdırlar.

"Biz yalnız məhsul təklif etmək deyil, həm də həll yollarının tapılmasına kömək etmək və yerli səviyyədə əlavə dəyər yaratmaq istəyirik. İtaliya maşınqayırma şirkətləri sifarişçilərin ehtiyaclarına və layihələrinin xüsusiyyətlərinə uyğun fərdi həllər hazırlamaq imkanına malikdirlər", - Baskerani qeyd edib.

O bildirib ki, "Anima Confindustria" İtaliya şirkətlərinin iştirakı ilə iki istiqamət üzrə işçi qrupları formalaşdırıb. Bunlar faydalı qazıntıların və kritik əhəmiyyətli xammalın (CRM) hasilatı, eləcə də sənaye məqsədli suyun təmizlənməsidir. Onun sözlərinə görə, bu istiqamətlər Azərbaycanın hazırkı inkişaf prioritetləri baxımından aktualdır.

"Biz həmçinin Azərbaycan təşkilatlarının bu işçi qruplarının fəaliyyətinə cəlb edilməsi imkanlarını nəzərdən keçiririk. Məqsəd ölkə nümayəndələrinin İtaliya şirkətləri ilə potensial layihələri və əməkdaşlıq perspektivlərini müzakirə edə bilməsidir.

İstehsalçılar Azərbaycana gəlməli, bilik və təcrübələrini bölüşməli, burada istehsal müəssisələrinin yaradılması və ya ən azı, xüsusilə qeyri-neft sektorunda əlavə dəyərin formalaşdırılması imkanlarından istifadə etməlidirlər.

İtaliya şirkətləri Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq ölkəyə yalnız ayrıca bazar kimi deyil, daha geniş regional bazara çıxış platforması kimi də baxa bilərlər", - deyə o bildirib.

Baskerani, həmçinin "Anima Confindustria"nın iyunun sonunda İtaliyada xarici şirkətlərin iştirakı ilə tədbir təşkil etdiyini və tədbir çərçivəsində B2B formatında görüşlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, tədbirdə Azərbaycan şirkətinin nümayəndələri də iştirak edib və potensial İtaliya istehsalçıları ilə əlaqələr qurublar.

Enerji əməkdaşlığından danışan Baskerani Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan qazının İtaliya və Avropaya tədarükündə mühüm rol oynadığını vurğulayıb.

"Biz həmçinin TAP vasitəsilə İtaliyaya qaz tədarükünə görə Azərbaycana təşəkkür etməliyik. Boru kəmərinin qarşıdakı modernləşdirilməsi, ilkin tikintisi zamanı olduğu kimi, İtaliya maşınqayırma sənayesi üçün də yaxşı imkan yaradacaq", - deyə o bildirib.

Baskerani qeyd edib ki, Ukraynada müharibənin başlamasından və Rusiya ilə kommersiya əlaqələrinin dayandırılmasından sonra Avropanın enerji təchizatı strukturunda baş verən dəyişikliklər fonunda TAP Avropaya qaz tədarükü üçün mühüm infrastruktur olaraq qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti