Bakı.Trend:
UEFA Avropa Liqasında Türkiyənin “Beşiktaş” klubu ilə İsrail təmsilçisi “Hapoel Beer-Sheva” arasında Gürcüstanın Batumi şəhərində keçirilən qarşılaşma zamanı baş verən hadisələri araşdırmağa başlayıb.
"Haber7"nin məlumatına görə, “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda Fələstinə dəstək plakatlarının nümayişindən sonra tribunlarda gərginlik yaranıb. Gürcüstan polisinin azarkeşlərə müdaxiləsindən sonra qarşılaşma bir müddət dayandırılıb.
UEFA noyabrın 26-da keçirilən “Marsel” – “Levski Sofiya” və “Beşiktaş” – “Hapoel Beer-Sheva” oyunlarında azarkeşlərin törətdiyi insidentləri kəskin şəkildə pisləyib.
Hadisələrdən sonra UEFA hər iki qarşılaşma ilə bağlı araşdırma başladıldığını və Etika və İntizam üzrə Müfəttişlərin təyin edildiyini açıqlayıb.
Bu arada Batumidə yaşanmış məlum insidentdən sonra inzibati qaydada saxlanılan bütün şəxslər, o cümlədən türkiyəli azarkeşlər azadlığa buraxılıb. Türkiyəli azarkeşlərin maneəsiz şəkildə vətənlərinə qayıtmaları təmin edilib.
Bu barədə Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə keçirdiyi görüşdən sonra bildirib.
Pataradzenin sözlərinə görə, hazırda Batumidə vəziyyət sakitdir və gərginliyin daha da artması riski tamamilə aradan qaldırılıb.
O, səfirə bildirib ki, İstanbulun “Beşiktaş” klubunun azarkeşlərinin əhəmiyyətli bir hissəsi təxribatçı davranış nümayiş etdirib. Azarkeşlər dəfələrlə və məqsədyönlü şəkildə polis əməkdaşlarına butulkalar, daşlar və küt əşyalar atıblar. Nəticədə bir neçə polis əməkdaşı xəsarət alıb, həmçinin şəhər infrastrukturu zədələnib.
O, Gürcüstan Daxili İşlər Nazirliyinin bölmələrinin hərəkətlərini mütənasib, səmərəli, beynəlxalq standartlara və ölkə qanunvericiliyinə uyğun adlandırıb. Qeyd edib ki, hüquq-mühafizə orqanları gərginliyin daha da artmasının qarşısını ala və vəziyyətə tam nəzarəti təmin edə biliblər.
Xatırladaq ki, Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” komandaları Avropa Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində bir gün əvvəl Batumi Arenada qarşılaşıblar. Tribunada baş verən toqquşmalar səbəbindən oyunun ilk hissəsində matç təxminən yarım saatlıq dayandırılıb. Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl 16 nəfərin saxlanıldığını, üç polis əməkdaşının isə xəsarət aldığını bildirmişdi.
