Türkmənistanda Azərbaycanın ekoloji və iqlim siyasətindən bəhs olunub (FOTO)

Cəmiyyət Xəbər 27 Noyabr 2026 17:44 (UTC +04:00)
Türkmənistanda Azərbaycanın ekoloji və iqlim siyasətindən bəhs olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetində biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş konfransda çıxış edib.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata görə, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Merdovun iştirakı ilə keçirilən tədbirdə Türkmənistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, universitetin müəllim və tələbələri iştirak edib.

Q.Gözəlov çıxışında qlobal ekoloji çağırışlara diqqət çəkərək, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Səfir Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Həmçinin, Azərbaycanda biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin bərpası və xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, bu xüsusda 2025-ci ildə Axar-Baxar və İlisu milli parklarının, 2026-cı ildə Qarabağ Milli Parkının yaradılmasını qeyd edib.

Q.Gözəlov Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və qarşıya qoyduğu hədəflər barədə məlumat verib. Azərbaycanda son illərdə 330 meqavat gücündə günəş və 240 meqavat gücündə külək elektrik stansiyalarının istifadəyə verildiyini, 2027-ci ildən etibarən Səngəçal neft və qaz terminalının günəş enerjisi ilə təmin edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Səfir, həmçinin Azərbaycanda 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsal gücünün 6–8 qiqavata, ölkənin ümumi elektrik enerjisi istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının isə 2030-cu ilədək 39 faizə, 2035-ci ilədək 43 faizə çatdırılmasının hədəfləndiyini bildirib.

Eyni zamanda, səfir Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsini qeyd edərək, konfrans çərçivəsində iqlim maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrə dəstək və qlobal iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Səfir, həmçinin, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində regional əməkdaşlığının əhəmiyyətini vurğulayıb. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasını və Xəzər dənizindən keçməklə Avropaya yaşıl enerjinin ötürülməsini nəzərdə tutan kabel layihəsini bu əməkdaşlığın mühüm göstəricisi kimi qeyd edib.

Bununla yanaşı, Q.Gözəlov SPECA və CAREC proqramları çərçivəsində iqlim və innovasiya sahələrində regional əməkdaşlığın inkişafına toxunaraq, 23 yanvar 2026-cı ildə Aşqabadda keçirilmiş SPECA İqtisadi Forumu çərçivəsində Türkmənistanın Arkadağ şəhərinin COP29 çərçivəsində imzalanmış SPECA Ağıllı Şəhərlər İqlim Forumunun yaradılmasına dair Niyyət Bəyannaməsinə qoşulmasını, eləcə də COP29 çərçivəsində “Xəzər Evi Platforması” layihəsinin təqdim edilməsini və müvafiq Anlaşma Memorandumunun imzalanmasını qeyd edib.

Həmçinin, Q.Gözəlov Azərbaycan və Türkmənistanın iqlim dəyişikliyi ilə mübarizə, alternativ enerjinin inkişafı və metan emissiyalarının azaldılması istiqamətində əməkdaşlığını vurğulayaraq, hər iki ölkənin Qlobal Metan Öhdəliyinə qoşulmasını vurğulayıb.

Xəzər dənizinin ekoloji vəziyyətinin qorunmasının Xəzəyanı ölkələr, o cümlədən Azərbaycan və Türkmənistan üçün ortaq əhəmiyyət daşıdığını qeyd edən səfir dənizin biomüxtəlifliyinin mühafizəsi və su səviyyəsinin azalması probleminin araşdırılması istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb. Bu xüsusda, 9 oktyabr 2026-cı ildə Türkmənistanda keçirilmiş ilk Xəzər Ekoloji Sammitinə diqqət çəkib.

Səfir, həmçinin, Türkmənistanın biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə və COP31 çərçivəsində irəli sürdüyü beynəlxalq təşəbbüslərə toxunub.

Q.Gözəlov Azərbaycanın Türkmənistanın ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq və regional platformalarda irəli sürdüyü təşəbbüsləri dəstəklədiyini bildirərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin regional ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti