Bakı. Trend:
Almaniya 2027-ci ildə müdafiə xərclərinə təxminən 140 milyard avro yönəldəcək ki, bu da Soyuq müharibə dövründən bəri rekord göstəricidir.
Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Bundestaq ümumi xərcləri 556 milyard avro olan ölkə büdcəsini təsdiqləyib. Cari illə müqayisədə xərclər təxminən 31 milyard avro artacaq. Büdcə ehtiyaclarını qarşılamaq üçün hakimiyyət xüsusi fondların vəsaitləri də daxil olmaqla, təxminən 210 milyard avro həcmində yeni borclanma cəlb etmək niyyətindədir.
Berlin daha 12 milyard avronu Ukraynaya ayırmağı planlaşdırır. Bununla yanaşı, orta və aşağı gəlirli ailələrin və vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş gəlir vergisi islahatı hələlik razılaşdırılmayıb.
“Der Spiegel” qeyd edir ki, büdcə müzakirələri XDİ/XSİ (Xristian-Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı) bloku ilə ASDP (Almaniya Sosial-Demokrat Partiyası) arasında uzun sürən mübahisələrlə müşayiət olunub.