Bakı. Trend:
İspaniyanın Dəniz Xilasetmə Xidməti El-Yerro adasındakı La-Restinqa limanından 62 kilometr cənubda 105 miqrantın olduğu qayığı aşkarlayıb.
Bu barədə "El País" qəzeti məlumat yayıb.
Məlumata əsasən, cümə axşamından cüməyə keçən gecə yelkənli gəmidən daxil olan siqnal əsasında başlayan xilasetmə əməliyyatı zamanı sərnişinlərdən 15-nin səfər zamanı həlak olduğu müəyyən edilib.
Xilasetmə əməliyyatına İspaniyanın Dəniz Xilasetmə Xidmətinin və Mülki Qvardiyasının gəmiləri, eləcə də helikopter cəlb olunub. Vəziyyəti ağır olan 6 nəfər helikopterlə El-Yerro adasındakı xəstəxanaya təxliyə edilib, sağ qalan digər 84 nəfər isə Dəniz Xilasetmə Xidmətinin gəmisi ilə La-Restinqa limanına çatdırılıb. Daha sonra Mülki Qvardiyanın patrul gəmisi miqrant qayığını yedəyə alaraq limana gətirib.
Qayıq 10 gün əvvəl Qambiyanın paytaxtı Bancul şəhərindən yola çıxıb. İlkin araşdırmalara əsasən, qayığın mühərriki aşkarlanmamışdan üç gün öncə sıradan çıxıb və o, açıq dənizdə qalıb.