Bakı. Trend:
Azərbaycanda 2027-ci ildə kreditləşmənin artım tempinin yavaşlayacağı gözlənilir. Bununla belə, pərakəndə kreditləşmə qaydalarının sərtləşdirilməsi fonunda artım tempi 10%-dən yüksək səviyyədə qalacaq.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin 2027-ci il üçün MDB ölkələrinin və regionun bir sıra digər dövlətlərinin (CIS+) bank sektoruna dair proqnozunda bildirilib.
“Ümumilikdə, kreditləşmənin sağlam artımını gözləyirik, baxmayaraq ki, tendensiyalar ölkələr üzrə fərqlənəcək. Özbəkistan və Azərbaycanda pərakəndə kreditləşmə qaydalarının sərtləşdirilməsi fonunda kreditləşmənin artım tempi yavaşlamalı, lakin 10%-dən yüksək səviyyədə qalmalıdır”, – deyə agentlik qeyd edir.
Ümumilikdə, Fitch 2027-ci il üçün regionun bank sektoruna neytral proqnoz verib. Bununla yanaşı, Qazaxıstan və Özbəkistan üzrə proqnoz müsbətə doğru dəyişib. Bu, regionda iqtisadi artım tempinin dayanıqlı olması, əsas faiz dərəcələrinin və milli valyutaların ümumilikdə sabitliyi, eləcə də əlverişli əməliyyat mühiti ilə əlaqədardır.
Agentliyin qiymətləndirməsinə görə, monetar siyasətin yumşaldılması, korporativ sektora və kiçik və orta sahibkarlığa dövlət maliyyələşdirmə proqramları sayəsində Qazaxıstanda kreditləşmənin artım tempi təxminən 15%-ə qədər sürətlənə bilər.
Eyni zamanda, əməliyyat mühitinin pisləşməsi səbəbindən Ukraynada kredit aktivliyinin zəifləyəcəyi gözlənilir. Proqnoza əsasən, Ermənistan və Gürcüstanda kreditləşmənin sabit genişlənməsi davam edəcək.
"Fitch", həmçinin regionun bank portfellərində problemli kreditlərin payının ümumilikdə əhəmiyyətli dərəcədə dəyişməyəcəyini gözləyir. Ukraynada bu göstəricinin sabitləşəcəyi, Qazaxıstan və Özbəkistanda isə cüzi azalacağı ehtimal olunur.
“Özbəkistanın dövlət bankları əvvəlki kreditləşmə siyasətindən miras qalmış problemli kreditlər üzrə ehtiyatların formalaşdırılmasını və həmin kreditlərin balansdan silinməsini davam etdirəcəklər. Bu, aktivlərin keyfiyyəti ilə bağlı riskləri tədricən azaldacaq”, – deyə proqnozda bildirilir.
Bununla yanaşı, dəyərsizləşmənin ikinci mərhələsinə (Stage 2) aid kreditlərin payı, xüsusilə Özbəkistanın dövlət banklarında yüksək səviyyədə qalacaq. Bununla belə, ehtiyatlara əlavə ayırmaların idarəolunan səviyyədə olacağı gözlənilir.
Agentlik, həmçinin maliyyələşdirmə xərclərinin azalması və kredit risklərinin örtülməsi üzrə məsrəflərin məhdud qalması hesabına Qazaxıstan və Özbəkistan banklarının gəlirliliyinin tədricən yaxşılaşacağını proqnozlaşdırır. Bu, bankların daxili fəaliyyətləri hesabına kapital yaratmaq imkanlarının güclənməsinə şərait yaradacaq.
Fitch-in qiymətləndirməsinə görə, Özbəkistanda depozitlərin davamlı artımı, milli valyutanın sabitliyi və dollarlaşmanın daha da azalması likvidlik və valyuta risklərinin aşağı düşməsinə kömək edəcək.
“Fitch bank sektorunda kreditlərin depozitlərə nisbətinin azalacağını proqnozlaşdırır. Bununla yanaşı, dövlət bankları dövlət maliyyələşdirməsindən və xarici topdansatış maliyyələşdirmə mənbələrindən asılılığını davam etdirəcəklər”, – deyə agentlik qeyd edir.
Özbəkistanın ayrı-ayrı dövlət banklarının özəlləşdirilməsinə hazırlıq prosesinin korporativ idarəetmənin, risklərə nəzarət sistemlərinin və kommersiya strategiyalarının təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.
Sonda Fitch qeyd edir ki, region banklarının kapital, maliyyələşdirmə və likvidlik adekvatlığı qənaətbəxş səviyyədə qalacaq.
Bununla yanaşı, yüksək geosiyasi risklər və xammal qiymətlərinin dəyişkənliyi iqtisadi artıma, aktivlərin keyfiyyətinə və likvidliyə təsir göstərə bilər. Lakin ticarət əlaqələrinin şaxələndirilməsi, tənzimləyici tələblərə riayət olunması və bankların dayanıqlı gəlirliliyi bu amillərin potensial mənfi təsirini yumşaltmalıdır.
