Bakı. Trend:
Fars körfəzi regionunda yerləşdirilmiş ABŞ Silahlı Qüvvələrinin bölmələri İrandan daha uzaqda yerləşən İsrail və İordaniyadakı hərbi bazalara köçürülə bilər.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Belə ki, ABŞ hərbçilərinin əvvəllər ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığına (CENTCOM) tabe olan 5-ci Əməliyyat Donanmasının irəli qərargahının yerləşdiyi Bəhreyndəki bazanı tərk edəcəyi ehtimal olunur.
Əvvəllər həmin bazada 8 mindən çox hərbçi xidmət edirdi. Lakin hərbi əməliyyatlar zamanı İranın davamlı zərbələri və sonradan keçirilən ayrı-ayrı döyüş əməliyyatları nəticəsində baza, demək olar ki, boşalıb. Onun gələcək taleyi hələ müəyyənləşməyib. Bununla belə, ABŞ hərbçiləri yaxınlıqdakı İranın hədəfində olmaq istəmirlər.
İsrail və İordaniyaya gəlincə, hazırda bu ölkələrdə ABŞ qoşunlarının böyük qrupu yerləşdirilib. Buraya ABŞ-ın Yaxın Şərqdəki döyüş aviasiyasının və hava hücumundan, eləcə də raket hücumundan müdafiə sistemlərinin əsas hissəsi daxildir.