Bakı. Trend:
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3 milyard 872 milyon ABŞ dollarına yaxın olub.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,2 milyon dollar və ya 1,5 faiz çoxdur. Beləliklə, Çin Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mövqeyini qoruyub.
2025-ci ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard 814,8 milyon dollar təşkil edib.
Ticarət dövriyyəsinin artmasında əsas pay idxalın yüksəlməsinin, eləcə də ixracın müsbət dinamikasının payına düşüb.
Çinə ixrac da artım nümayiş etdirib. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çinə ixracın həcmi təxminən 79,6 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 89,6 milyon dollara yüksəlib. Nəticədə ixrac 10 milyon dollara yaxın və ya 12,5 faiz artıb.
İdxalın həcmi isə 2025-ci ilin ilk 10 ayında 3 milyard 735,2 milyon dollar təşkil etdiyi halda, 2026-cı ilin müvafiq dövründə 3 milyard 782,4 milyon dollara çatıb. Bu, illik müqayisədə 47,2 milyon dollar və ya 1,3 faiz artım deməkdir.
Beləliklə, ixracın artım tempi idxalın artım tempini üstələyib. Bununla belə, iki ölkə arasında ticarət əlaqələrində idxalın xüsusi çəkisi yüksək olaraq qalır.
Ticarət balansına gəlincə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çinlə ticarətində mənfi saldo 3 milyard 655,6 milyon dollar təşkil edib. 2026-cı ilin eyni dövründə isə bu fərq 3 milyard 692,9 milyon dollara yüksəlib. Beləliklə, mənfi saldo 37,2 milyon dollar artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Çin Azərbaycanın ümumi ticarət dövriyyəsində 9,34 faiz payla dördüncü yerdə qərarlaşıb. 2026-cı ilin eyni dövründə isə 3,87 milyard dollarlıq göstərici ilə üçüncü pilləyə yüksəlib. Çin hər iki dövrdə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olub.
