Bakı.Trend:
Estoniya 2025-ci ilin Vaşinqton razılaşmalarının həyata keçirilməsində əldə olunan irəliləyişləri alqışlayır.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfəri zamanı Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Nazir Estoniyanın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına və münasibətlərin normallaşdırılmasına yönəlmiş səyləri ardıcıl şəkildə dəstəklədiyini bildirib.
“Uzunmüddətli və dayanıqlı sülh sazişi təkcə birbaşa iştirakçı olan iki ölkəyə deyil, həm də bütövlükdə Cənubi Qafqaz regionuna fayda gətirərdi. Estoniya 2025-ci ildə əldə olunmuş Vaşinqton razılaşmalarının, o cümlədən Ermənistanla ticarətin açılmasının həyata keçirilməsində irəliləyişi alqışlayır.
Regionda sabitliyin artması Cənubi Qafqazla Avropa arasında əlaqələrin güclənməsinə, müxtəlif sahələrdə yeni imkanların yaranmasına şərait yaradır. Normallaşma prosesində müşahidə olunan hazırkı dinamikanın qorunub saxlanılacağına ümidvarıq”, - Tsahkna bildirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar.
