Bu ölkədə qadınlara əsl adları qadağan edildi

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 14:01 (UTC +04:00)
Bu ölkədə qadınlara əsl adları qadağan edildi

Bakı. Trend:

Əfqanıstanın şimalındakı Bəlx əyalətində qadınların əsl adlarının tibbi kartlarda, reseptlərdə və digər rəsmi sənədlərdə qeyd olunması qadağan edilib. Tibb müəssisələrinə bütün qadın pasiyentləri yaşından asılı olmayaraq “Bibi” adı ilə qeydiyyata almaq tapşırılıb.

“Glasnaya” nəşri məlumat;na görə, “Bibi” sözü “nənə” və ya “yaşlı qadın” mənasını verir. Yeni qaydaya əsasən, xəstəxanalar və həkimlər qadınların şəxsiyyətini müəyyənləşdirən həqiqi adları əvəzinə bu ifadədən istifadə etməlidirlər.

Hüquq müdafiəçiləri və tibb işçiləri hesab edirlər ki, bu tələb tibbi sənədlərdə qarışıqlığa, dərmanların təyin olunması zamanı səhvlərə və müalicə prosesində problemlərə səbəb ola bilər. Eyni adla çoxsaylı pasiyentlərin qeydiyyata alınması onların tibbi məlumatlarının düzgün müəyyənləşdirilməsini çətinləşdirə bilər.

Bu qadağa Əfqanıstanda qadınların tibbi xidmətlərə çıxışını məhdudlaşdıran digər qaydaların tətbiq olunduğu dövrə təsadüf edir. Belə ki, kişilərə qadınları müalicə etmək faktiki olaraq qadağan edilib, 2024-cü ilin dekabrından isə qadınların tibb təhsili almasına icazə verilmir.

Bununla yanaşı, qadın tibb işçilərinin fəaliyyətinə də məhdudiyyətlər qoyulur. Həkimlərin verdiyi məlumata görə, xəstəxanalara yeni qadın əməkdaşların işə götürülməsi qadağan edilir, fəaliyyətini davam etdirən qadın mütəxəssislər isə işə kişi qohumlarının müşayiəti ilə gəlməlidirlər.

Nəşr qadınların tibbi xidmətlərə çıxışında yaranan çətinliklərlə bağlı bir neçə hadisəni də diqqətə çatdırıb.

Belə ki, Herat şəhərindən olan 37 yaşlı qadın stomatoloji klinikada müalicəsini başa çatdıra bilməyib. O, əvvəlcədən ödəniş etsə də, bir neçə zədələnmiş dişi çıxarıldıqdan və implantların qoyulması planlaşdırıldıqdan sonra üçüncü qəbul zamanı evə göndərilib. Sonradan klinika əməkdaşları qadın pasiyentləri kişi stomatoloqların müalicə etməsinə icazə verilmədiyini bildiriblər.

Digər qadın isə atası ilə birlikdə həkimə müraciət etməsinə baxmayaraq, qəbul olunmayıb. Həkimin qadına toxunmasına icazə verilmədiyindən pasiyent başqa bir kişinin müşayiəti ilə gələn qadının qəbulunu gözləməli olub. Həmin qadının iştirakı ilə həkim müayinəni həyata keçirə bilib.

Məlumata görə, bəzi klinikalarda “Taliban” nümayəndələrinin yaxınlaşması barədə tibb işçilərinə xəbərdarlıq edən xüsusi müşahidəçilər də fəaliyyət göstərir.

Qeyd edək ki, qadınların adlarının rəsmi sənədlərdə istifadə edilməməsi ilə bağlı ənənəvi sosial məhdudiyyətlər Əfqanıstanda əvvəllər də mövcud olub. Lakin hazırkı qərar Bəlx əyalətində bu praktikanın rəsmi qaydaya çevrilməsi ilə fərqlənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti