Bakı. Trend:
53 il əvvəl - 1973-cü il noyabrın 28-də sovet hərbi aviasiyası tarixində ilk dəfə reaktiv təyyarə ilə hava taranı həyata keçirilib. MiQ-21SM qırıcısının pilotu, kapitan Gennadi Yeliseyev SSRİ-nin hava sərhədini pozan İranın RF-4C “Phantom” kəşfiyyat təyyarəsini zərərsizləşdirib.
Trend xatırladır ki, hadisə Azərbaycanın Muğan düzündə baş verib. Həmin gün saat 12:20-də sovet hərbi komandanlığına İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin SSRİ hava məkanını pozması barədə məlumat daxil olub. Kapitan Yeliseyevə müdaxilə edən təyyarəni ələ keçirmək əmri verilib.
MiQ-21SM ilə havaya qalxan Yeliseyev qısa müddətdə “Phantom”u yaxalayıb. O, hədəfə iki cüt “hava-hava” tipli R-3 raketi buraxsa da, İran təyyarəsinin istilik tələlərindən istifadə etməsi səbəbindən raketlər hədəfə dəyməyib.
Topdan atəş açmağın sərhədə yaxın məsafədə riskli olduğunu nəzərə alan pilot qarşısındakı təyyarəni başqa üsulla dayandırmalı olub. Komanda məntəqəsindən ona uçuşu istənilən qiymətə dayandırmaq əmri verilib. Yeliseyevin son radio cavabı “Başa düşdüm, yerinə yetirirəm” olub.
Bundan sonra sovet pilotu MiQ-21SM ilə İran təyyarəsinin quyruq hissəsinə zərbə endirib. Nəticədə “Phantom” idarəetməni itirib, onun heyəti katapult edərək xilas olub və sovet sərhədçiləri tərəfindən saxlanılıb.
Yeliseyevin təyyarəsi isə toqquşmadan sonra idarəetməni itirməyib. Lakin pilot radioəlaqəyə çıxmayıb və bir müddət sonra qırıcı dağa çırpılıb.
Kapitan Gennadi Yeliseyev ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onun adı xidmət etdiyi hərbi hissənin şəxsi heyət siyahısına əbədi olaraq daxil edilib, xidmət etdiyi eskadrilyaya isə “Yeliseyev eskadrilyası” adı verilib.
Hadisədən sonra aparılan araşdırmada hava hücumundan müdafiə sistemində xidmət edən zabitlərin hazırlığı ilə bağlı çatışmazlıqlar da qeyd edilib. Bəzi şahid ifadələrində Yeliseyevin hədəfə gec yönləndirildiyi, idarəetmə məntəqəsində texniki nasazlıq baş verdiyi bildirilir.
İran pilotu mayor Şokuniya və onunla birlikdə uçan ABŞ polkovniki Con Sanders hadisədən 16 gün sonra azad ediliblər. Şokuniya sonradan hərbi xidmətini davam etdirib və 1982-ci il yanvarın 27-də İran-İraq müharibəsi zamanı həlak olub.
Qeyd edək ki, Gennadi Yeliseyevin 1973-cü il noyabrın 28-də həyata keçirdiyi hava taranı reaktiv təyyarənin iştirakı ilə tarixdə qeydə alınan ilk belə hadisə kimi təqdim olunur.
