Bakı. Trend:
Azərbaycanda özəl investisiyaların layihələrə cəlb edilməsi üçün zəruri institusional çərçivənin və layihələrin hazırlanması üzrə imkanların gücləndirilməsinə ehtiyac var.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) direktor müavini, baş bankiri Real Hacıyev çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda tənzimləyici mühit kifayət qədər sabitdir və ölkənin güclü fiskal göstəriciləri mövcuddur.
“Azərbaycanda tənzimləyici mühitin çox sabit olduğunu və hökumətin çox güclü fiskal balansına malik olduğunu deyə bilərəm. Bu komponentlər artıq mövcuddur. Çatışmayan əsas məsələ özəl investisiyaların layihələrə cəlb edilməsini stimullaşdırmaq və səfərbər etmək üçün zəruri institusional çərçivə, eləcə də beynəlxalq investorların tələblərinə cavab verən layihələrin hazırlanması üçün resurslar və fundamental komponentlərdir”, – deyə o bildirib.
R.Hacıyev qeyd edib ki, layihələrin həyata keçirilməsində müxtəlif müqavilə və maliyyələşdirmə modellərindən istifadə imkanlarının genişləndirilməsi vacibdir.
“Adətən Azərbaycan layihələrində müəyyən növ EPC müqavilələrinə üstünlük verilir. Xüsusilə iri layihələrdə layihələrin icrası və çatdırılması üçün əsasən vahid müqavilə modelindən istifadə olunur. Lakin alternativ yollar, o cümlədən dövlət-özəl tərəfdaşlığı (PPP) modelləri də mövcuddur. PPP çərçivəsində müxtəlif yanaşmalar və investorların cəlb edilməsi üçün fərqli modellər tətbiq oluna bilər”, – deyə AYİB rəsmisi vurğulayıb.
O bildirib ki, əsas məsələ layihələrin texniki baxımdan fundamental cəhətdən sağlam olması ilə yanaşı, risklərin tərəflər arasında düzgün bölüşdürülməsidir.
“Layihələrin özünün texniki baxımdan fundamental olaraq güclü olması, eyni zamanda risklərin tərəflər arasında düzgün bölüşdürülməsi vacibdir”, – deyə R.Hacıyev qeyd edib.
AYİB-in bu prosesdəki roluna toxunan bankir bildirib ki, qurum institusional səviyyədə hökumətlərə mövcud boşluqların aradan qaldırılması və layihələrin hazırlanması və həyata keçirilməsi üçün alternativ mexanizmlərin formalaşdırılması istiqamətində dəstək göstərir.
“Biz institusional səviyyədə hökumətlərə bu boşluqların aradan qaldırılmasında, zəruri ekspertizanın təmin edilməsində, layihələrin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi üçün alternativ yolların inkişaf etdirilməsində kömək edirik”, – deyə o əlavə edib.
R.Hacıyevin sözlərinə görə, AYİB daha aşağı səviyyədə texniki yardım vəsaitləri, eləcə də bankın daxili resursları hesabına investisiya layihələrinin hazırlanmasına dəstək göstərir.
“Bununla əmin olmaq istəyirik ki, layihələr hazır olduqda özəl investorlar, kreditorlar və səhm investorları da həmin layihələrə investisiya qoymağa hazır olsunlar”, – deyə AYİB rəsmisi bildirib.
