Bakı. Trend:
Azərbaycan iqtisadiyyatı struktur dəyişiklikləri və transformasiya dövrünü keçir.
Bunu Trend-ə açıqlamasında İlqar Vəlizadə deyib.
O bildirib ki, makroiqtisadi göstəricilərə görə Azərbaycanın iqtisadi mövqeləri kifayət qədər möhkəmdir:
"Valyuta ehtiyatlarının 90 milyard dollara çatması və xarici borcun aşağı olması, əlbəttə ki, ümumi iqtisadiyyatın dayanıqlılığını artırır. İnvestorlar üçün bu faktor cəlbedici görsənir.
Əlbəttə ki, digər faktorlar da var: siyasi stabillik və müxtəlif bazarlarla əlaqələrin faktoru. Misal üçün, Avropa və Asiya bazarları ilə birbaşa çıxışların olması da bir şərtdir".
Onun sözlərinə görə, digər tərəfdən, əlbəttə ki, çağırışlar da var və bunları gizlətmək olmaz:
"Çağırışlar bundan ibarətdir ki, dünya bazarlarında neft və ya enerji resurslarının bazarı qeyri-stabil görsənir. Belə halda sırf neft-qaz sənayesinə arxalanmaq düzgün olmazdı. Ona görə də Azərbaycan daha çoxşaxəli, şaxələndirilmiş iqtisadi siyasət həyata keçirir. Burada qeyri-neft sektorunun, dağ-mədən kompleksinin, xidmət sektorunun və rəqəmsal sektorun inkişafından söhbət gedir.
Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının strukturu belə tənzimlənib ki, yaxın gələcəkdə əsas gəlir mənbəyi neft-qaz sahəsi olacaq. Bundan qorxmaq, əslində, düzgün deyil. Çünki hər bir iqtisadiyyatın öz xüsusiyyətləri var. Söhbət bundan gedir ki, neft-qazdan əldə olunan gəlirlər müxtəlif digər sahələrə yönəldilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafından danışsaq, burada iri miqyaslı yol layihələri həyata keçirilir ki, bu layihələr təkcə regional əhəmiyyətli və ya həmin regionlara aid olan layihələr deyil, ümumən ölkəni və daha geniş coğrafiyanı əhatə edən layihələrdir. Çünki hazırda Qarabağ və Şərqi Zəngəzurda inşa olunan bu magistrallar Azərbaycanı digər, qonşuluqda olan ölkələrlə birləşdirir və eyni zamanda həmin regionların iqtisadi potensialını artırır. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına təkan verir".
Politoloq vurğulayıb ki, ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur, eyni zamanda Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturlarının qurulması, xüsusilə Zəngəzur dəhlizi konsepsiyasının reallaşdırılması bu regionun əhəmiyyətini artırmış olur və onun Azərbaycanın iqtisadi inkişafında payını artırır.
"Çünki burada irimiqyaslı enerji layihələri (xüsusilə yaşıl enerji ilə bağlı layihələr), digər tərəfdən müəyyən istehsal sahələrinin yaradılması çox önəmlidir. Bu istehsal sahələri təkcə yerli deyil, eyni zamanda xarici investorları cəlb edir. Əsas məqsəd xarici və yerli investorlar arasında tərəfdaşlıq münasibətlərini yaratmaqla həm qeyri-neft sektorunun, həm də bu regionların inkişafına təkan verməkdir.
Ümumiyyətlə, Azərbaycanda son vaxtlar bir neçə vacib proqram qəbul olunub. Misal üçün, kənd təsərrüfatının inkişafı və dağ-mədən kompleksinin inkişafı ilə bağlı proqramlar qəbul edilib. Bu proqramlar qısamüddətli və bəzi hallarda ortamüddətli proqramlardır. Düşünmək olar ki, bu proqramların reallaşdırılmasının nəticəsini biz artıq bir neçə ildən sonra görə bilərik. Azərbaycan iqtisadiyyatı struktur dəyişiklikləri və transformasiya dövrünü keçir. Son nəticə etibarilə bütün bunlar Azərbaycan iqtisadiyyatının yeni mərhələyə keçidini təmin edəcək - deyə İ.Vəlizadə bildirib.
