Azərbaycanda milli və xarici valyutada kredit qoyuluşları artıb

İqtisadiyyat Xəbər 5 Oktyabr 2026 21:07 (UTC +04:00)
Azərbaycanda milli və xarici valyutada kredit qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kredit təşkilatlarının kredit portfeli 2026-cı ilin avqust ayının sonuna həm milli, həm də xarici valyutada artım nümayiş etdirib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sentyabrın 1-nə kredit təşkilatlarının ümumi kredit qoyuluşları 34,884 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 721,8 milyon manat təşkil edib.

Ümumi kredit qoyuluşlarının əsas hissəsi milli valyutada verilən kreditlərin payına düşüb. Belə ki, milli valyutada kredit qoyuluşları 29,361 milyard manat, həmin kreditlər üzrə vaxtı keçmiş borclar isə 604,8 milyon manat olub.

Xarici valyutada kredit qoyuluşlarının həcmi isə 5,523 milyard manat təşkil edib. Bu kreditlər üzrə vaxtı keçmiş borcların həcmi 117,8 milyon manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı il sentyabrın 1-nə milli valyutada kredit qoyuluşları 2,974 milyard manat və ya 11,3 faiz, xarici valyutada kredit qoyuluşları isə 1,445 milyard manat və ya 35,4 faiz artıb. Beləliklə, xarici valyutada kreditləşmənin artım tempi milli valyutadakı kreditləşmənin artım tempini əhəmiyyətli dərəcədə üstələyib.

Hesabat dövründə milli valyutada verilmiş kreditlərin 4,622 milyard manatını qısamüddətli, 24,738 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib. Qısamüddətli milli valyuta kreditləri üzrə 169,8 milyon manat, uzunmüddətli kreditlər üzrə isə 434,2 milyon manat vaxtı keçmiş borc qeydə alınıb.

Xarici valyutada kreditlərin 1,329 milyard manatı qısamüddətli, 4,194 milyard manatı isə uzunmüddətli kreditlər olub. Qısamüddətli xarici valyuta kreditləri üzrə vaxtı keçmiş borcların həcmi 17,4 milyon manat, uzunmüddətli kreditlər üzrə isə 100,4 milyon manat təşkil edib.

Mərkəzi Bankın cədvəlindən görünür ki, 2026-cı ilin əvvəlindən kreditləşmədə artım əsasən xarici valyutada verilən kreditlər üzrə daha yüksək olub. Eyni zamanda, milli valyutada kreditlərin ümumi həcmi də ilin əvvəlindəki göstərici ilə müqayisədə artıb. Bu dinamika bank sektorunda həm manatla, həm də xarici valyutada kreditləşmənin genişləndiyini göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti