Bakı.Trend:
Oktyabrın 6-da Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.
Trend-in müxbiri məlumat verir ki, iclasın yekunlarına əsasən “yaşıl” enerji, nəqliyyat əlaqəliliyi və şəhər mobilliyi sahələrində əməkdaşlığı ehtiva edən Protokol və dörd sənəd imzalanıb.
İmzalanan sənədlər arasında “Xlinks” ilə Yaşıl Dəhliz Alyansı arasında Anlaşma Memorandumu, UKEF ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, həmçinin nəqliyyat, təhsil və digər istiqamətlərdə Böyük Britaniyanın qurum və şirkətləri ilə əməkdaşlığa dair sənədlər yer alır.
Bundan əlavə, 10 istiqamət üzrə 60-dan çox tədbiri əhatə edən
2026-2027-ci illər üçün Fəaliyyət Planı qəbul edilib.
İclas Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov
və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət
Nazirliyinin ticarət üzrə dövlət naziri, lord Anas Sarvarın
həmsədrliyi ilə keçirilib.
İclasın gedişində tərəflər Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin iqtisadiyyat və ticarət, energetika, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar sahə və səhiyyə istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, Böyük Britaniya otuz ildən artıqdır Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötür ki, bu da Birləşmiş Krallığı ölkənin ən böyük xarici investoruna çevirir.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Cari ilin ilk yarısında isə bu göstərici 5,5 dəfə artaraq 3,6 milyard dollara çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı isə 24 dəfə artıb.
