Bakı. Trend:
2026-cı ilin avqust-sentyabr ayları üzrə qiymətləndirməyə əsasən, Bakıda bütün əsas əmlak kateqoriyalarında aylıq orta bahalaşma 1,36 faiz təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) araşdırması paytaxtın daşınmaz əmlak bazarında qiymət artımının davam etdiyini göstərir. Aylıq orta artım torpaq sahələrində 1,8 faiz, qeyri-yaşayış obyektlərində 1,5 faiz, yeni tikili mənzillərdə 1,4 faiz, fərdi yaşayış evlərində 1,2 faiz, köhnə tikili mənzillərdə isə 0,9 faiz olub.
AQC-yə görə, torpaq sahələrində daha yüksək artım əsasən təklifin məhdudluğu və müəyyən ərazilərdə tələbin yüksək olması ilə bağlıdır. Köhnə tikili mənzillərdə qiymətlərin dəyişməsi isə digər əmlak kateqoriyaları ilə müqayisədə daha sabit olub.
Araşdırmada 2026-cı il üzrə fərdi yaşayış evlərinin qiymətində orta hesabla 13,5 faiz, qeyri-yaşayış obyektlərində isə 13 faiz artım qeydə alınıb.
Fərdi yaşayış evləri üzrə ən yüksək bahalaşma Səbail rayonunda olub – 24,3 faiz. Nizamidə qiymətlər 17,1 faiz, Nərimanovda 16,9 faiz, Xəzərdə isə 16,6 faiz yüksəlib.
Qeyri-yaşayış obyektləri üzrə də Səbail rayonu ən yüksək göstərici ilə seçilib. Burada qiymətlər 27 faiz artıb. Nəsimi və Nərimanov rayonlarında bahalaşma 24,3 faiz, Xətaidə isə 17 faiz təşkil edib.
Cəmiyyətin qiymətləndirməsinə görə, kommersiya obyektlərinin qiymətinə yerləşdiyi ərazi, piyada və avtomobil axını, kommersiya potensialı, ətraf ərazinin inkişaf səviyyəsi və biznes fəaliyyəti üçün şərait təsir göstərir.
AQC qeyd edir ki, Bakı üzrə orta qiymət göstəriciləri konkret əmlakın dəyərini müəyyənləşdirmək üçün kifayət etmir. Qiymətləndirmə zamanı əmlakın növü, yerləşdiyi rayon və konkret ünvan, infrastruktur, nəqliyyat əlçatanlığı və tələb-təklif nisbəti birlikdə nəzərə alınmalıdır.
