Ermənistanın ekoloji fəaliyyəti region üçün transsərhəd risklər yaradır - Environmental Protection First

Cəmiyyət Xəbər 5 Oktyabr 2026 17:32 (UTC +04:00)
Ermənistanın ekoloji fəaliyyəti region üçün transsərhəd risklər yaradır - Environmental Protection First
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın ekoloji fəaliyyəti region üçün transsərhəd risklər yaradır.

Trend-in brifinqdə iştirak edən müxbirinin xəbərinə görə, bu, “Environmental Protection First” Koalisiyasının Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ofisində keçirilən brifinqdə deyilib.

Tədbirdə Ermənistanın dağ-mədən sənayesi, su ehtiyatlarından istifadə, Metsamor Atom Elektrik Stansiyası, Amulsar qızıl mədəni və işğal dövründə Azərbaycan ərazilərinə dəymiş ekoloji zərərlə bağlı məsələlər diqqət mərkəzində olub.

Brifinqdə bildirilib ki, Ermənistanda dağ-mədən sənayesinin fəaliyyəti yalnız ölkənin deyil, bütövlükdə regionun ekoloji təhlükəsizliyi baxımından narahatlıq doğurur. Qeyd olunub ki, mədən sənayesinin tullantıları qrunt suları vasitəsilə transsərhəd çaylara düşə və bununla da digər ölkələrin ərazilərinə təsir göstərə bilər. Bu baxımdan Alaverdi və Sünikdə yerləşən mədənlərin xüsusilə qrunt sularının çirklənməsinə təsiri vurğulanıb.

Koalisiya nümayəndələri Ermənistanın su ehtiyatları ilə bağlı vəziyyətə də diqqət çəkiblər. Brifinqdə Dünya Bankının materiallarına istinadən bildirilib ki, Ermənistan su stressi ilə üzləşən ölkələrdəndir. Ararat vadisində kommersiya balıqçılığı və suvarma məqsədilə yeraltı sulardan istifadənin illik təbii bərpa həddini aşdığı qeyd olunub. Dünya Bankının 2024-cü il üzrə iqlim və inkişaf hesabatında da Ararat vadisində yeraltı suların çıxarılmasının illik bərpa səviyyəsini üstələdiyi və Sevan gölündən su buraxılışlarının tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə keçdiyi göstərilir.

Bildirilib ki, Sevan gölündən su götürülməsinin artması gölün ekosisteminə və biomüxtəlifliyə təsir göstərə bilər. Çıxışlarda Ermənistanın Qafqazda aşağı axın ölkəsi olması nəzərə alınaraq, burada formalaşan transsərhəd su problemlərinin Azərbaycan üçün də əhəmiyyət daşıdığı vurğulanıb və Espo Konvensiyası çərçivəsində transsərhəd ekoloji təsirlərin qiymətləndirilməsi məsələsinə diqqət çəkilib.

Brifinqdə Cermuk şəhəri yaxınlığında yerləşən Amulsar qızıl mədəni layihəsi də ayrıca müzakirə olunub. Bildirilib ki, layihənin Arpa və Vorotan çaylarının su hövzələri ilə əlaqəli ərazidə yerləşməsi su ehtiyatları, biomüxtəliflik və Sevan gölü ilə əlaqəli ekosistemlərə mümkün təsirlərlə bağlı narahatlıqlara səbəb olub.

Çıxışlarda qeyd edilib ki, 2018-ci ildə Cermuk sakinləri və ekoloji fəallar Amulsar mədəninə aparan yolları bağlayaraq layihəyə qarşı etirazlar keçirib və mədən üzrə işlər bir neçə il faktiki olaraq dayanıb. Sonrakı dövrdə isə layihənin bərpası istiqamətində proseslər yenidən davam etdirilib.

Bildirilib ki, 31 avqust 2026-cı ildə Ermənistan hökuməti, Lydian Armenia şirkəti və Cermuk, Vayk və Sisian icmaları arasında icmaların inkişafına dair saziş imzalanıb. Saziş Amulsar layihəsi ilə əlaqəli icmaların inkişafına tikinti mərhələsində illik 7 milyon, hasilat mərhələsində isə qızılın orta qiymətindən asılı olaraq 7 və ya 9 milyon ABŞ dolları ayrılmasını nəzərdə tutur.

Koalisiya nümayəndələri hesab edirlər ki, layihənin praktiki həyata keçirilməsi ətraf mühitə mümkün təsirlərlə bağlı narahatlıqların tam aradan qalxmadığı şəraitdə davam edir. Arpa və Vorotan çaylarının Araz hövzəsi ilə əlaqəsini nəzərə alaraq, Amulsar layihəsinin mümkün transsərhəd ekoloji təsirlərinin də diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Brifinqdə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti də potensial ekoloji risklər sırasında qeyd olunub. Bildirilib ki, 1980-ci ildən istismarda olan ikinci enerji blokunun avadanlıqlarının köhnəlməsi və istismar müddətinin uzadılması narahatlıq doğuran məsələlərdəndir. Ermənistanın və Beynəlxalq Atom Enerjisi Agentliyinin materiallarına əsasən, ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilədək uzadılması üzrə proqram həyata keçirilir.

Çıxışçılar mümkün ciddi qəza və ya təhlükəsizlik sistemlərinin zədələnməsi halında radioaktiv maddələrin ətraf mühitə, o cümlədən yerüstü və yeraltı sulara yayılması ehtimalının transsərhəd xarakter daşıya biləcəyini bildiriblər.

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərində ekologiyaya və biomüxtəlifliyə dəymiş zərər də geniş şəkildə diqqətə çatdırılıb.

Bildirilib ki, işğal dövründə Azərbaycan ərazilərində meşələr məhv edilib və deqradasiyaya uğradılıb. Təxminən 8 900 hektar meşə sahəsinin itirildiyi, ümumilikdə isə 50 min hektardan çox meşə ərazisinin məhv edildiyi qeyd olunub. Xüsusi mühafizə olunan ərazilərə və nadir bitki növlərinə də zərər dəydiyi, o cümlədən Bəsitçay Dövlət Təbiət Qoruğunda yerləşən nadir Şərq çinarlarının məhv edildiyi bildirilib.

Çıxışlarda kənd təsərrüfatı torpaqlarının da ciddi deqradasiyaya məruz qaldığı qeyd olunub. Bildirilib ki, 1995–2015-ci illərdə təxminən 54 544 hektar kənd təsərrüfatı torpağı məhsuldar istifadədən çıxıb. Bununla yanaşı, işğal dövründə suvarma infrastrukturunun dağıdıldığı vurğulanıb.

Sərsəng su anbarı ilə bağlı bildirilib ki, su anbarının lazımi səviyyədə idarə olunmaması və suyun istifadə rejiminin dəyişdirilməsi ətraf rayonların əhalisinin və kənd təsərrüfatının suya çıxış imkanlarına təsir göstərib.

Brifinqdə işğal dövründə Azərbaycan ərazilərindəki təbii sərvətlərin, xüsusilə mədən yataqlarının qanunsuz istismarı məsələsinə də toxunulub. Qeyd olunub ki, Qızılbulaq, Dəmirli, Söyüdlü, Ağduzdağ, Tutxum, Vejnəli, Mehmana, Şorbulag, Sarıbulaq, Ağyataq, Levçay, Qamışlı, Ağqaya, Çilqazçay və Narzanlı kimi yataqların müxtəlif dövrlərdə istismar edildiyi və ya istismara cəlb olunduğu bildirilir.

Çıxışçılar mədənçilik fəaliyyətinin torpaq və su ehtiyatlarına təsirinə də diqqət çəkərək, işğal dövründə Azərbaycan ərazilərindəki mədənlərdən əldə edilən gəlirlərin Ermənistanın və ayrı-ayrı şəxslərin iqtisadi fəaliyyətində istifadə edildiyini bildiriblər. Bu kontekstdə Ruben Vardanyanın fəaliyyəti də xatırlanıb.

Transsərhəd su ehtiyatlarının çirkləndirilməsi məsələsində isə Oxçuçay nümunəsi xüsusi qeyd olunub. Bildirilib ki, çayın Ermənistan ərazisindəki mədən sənayesi obyektlərinin tullantıları ilə çirkləndirilməsi nəticəsində su ekosisteminə ciddi zərər dəyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqi zamanı Oxçuçaydan götürülmüş nümunələrdə mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır metalların normadan dəfələrlə artıq olduğu, həmçinin 500-dən çox farel və digər balıqların tələf olduğu açıqlanıb.

Brifinqin yekununda bildirilib ki, Ermənistan ərazisində həyata keçirilən dağ-mədən, su təsərrüfatı və digər iqtisadi fəaliyyətlərin mümkün transsərhəd ekoloji nəticələri region ölkələrinin, o cümlədən Azərbaycanın ekoloji və su təhlükəsizliyi baxımından diqqətdə saxlanılmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti