Bakı. Trend:
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Özəl məhkəmə ekspertlərindən 10 faiz dərəcə ilə vergi tutulacaq, onlar gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər, icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Özəl Məhkəmə Ekspertlərinin Palatası
Özəl Məhkəmə Ekspertlərinin Palatası (Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.
Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları olacaq.
Palata bu qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərəcək.
Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.
Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:
- Palata üzvlərinin üzvlük haqları;
- Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
- ianələr.
Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.
Palatanın aşağıdakı səlahiyyətləri olacaq:
- özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;
- özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların təlimini təşkil etmək;
- özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
- dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
- özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;
- məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
- digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.
Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.
Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam veriləcək.
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı
Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunacaq. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılacaq. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılacaq. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmayacaq.
İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:
- töhmət;
- min manatdan iki min manatadək məbləğdə cərimə;
- özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimə üzrə məbləğlər üçün Palatanın bank hesabına köçürüləcək.
İntizam tənbehi burada nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə biləcək və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilməyəcək.
Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olacaq.
İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdiriləcək. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunacaq və əmrin surəti ona təqdim ediləcək. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə biləcək.
Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə biləcək. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.
Özəl məhkəmə eksperti fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (muzdlu işə aid olmayan fəaliyyətdən gəlir) hesab ediləcək və vergitutma obyekti olacaq.
Özəl məhkəmə eksperti üçün bu vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Özəl məhkəmə ekspertləri 10 faiz dərəcə ilə hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Özəl məhkəmə ekspertləri onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortası ilə əhatə olunacaqlar və gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
Keçid müddəalar
Palata dövlət qeydiyyatına alınanadək onun “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.
Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək.
Məhkəmə Ekspertləri Reyestrinə 50 özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq.
Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.
