Ağdamda aqrar sahədə dövlət dəstəyi mexanizmləri müzakirə edilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 5 Oktyabr 2026 11:21 (UTC +04:00)
Ağdamda aqrar sahədə dövlət dəstəyi mexanizmləri müzakirə edilib (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Trend-in Qarabağ bürosunun bazar ertəsi verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən panel müzakirə bölgələrdə təşkil olunan silsilə müzakirələrin 25-cisi olub. Ötən ildən etibarən 12 iqtisadi rayon üzrə 24 panel müzakirənin keçirildiyi, Ağdamda təşkil olunan müzakirənin isə sayca 25-ci panel olduğu qeyd edilib.

Paneldə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak ediblər.

Müzakirə zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş əsas hədəflər və bu hədəflərin reallaşdırılması istiqamətində dövlət tərəfindən tətbiq olunan dəstək mexanizmləri nəzərdən keçirilib.

Paneldə, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar, Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, rayonun aqrar potensialı və sahibkarların regiona cəlb edilməsi məsələləri müzakirə olunub.

Müzakirənin digər əsas istiqamətini dövlət-özəl sektor əməkdaşlığı təşkil edib. Özəl sektor nümayəndələri Dövlət Proqramının hədəflərinə töhfə vermək istiqamətində həyata keçirdikləri və planlaşdırdıqları işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat veriblər.

Panelin yekununda dövlət dəstəyi mexanizmləri, işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması, özəl sektorun iştirakı və yeni əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilib. Aqrar Subsidiya Şurası sentyabrın 7-də yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə Dövlət Proqramında müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti