Bakı.Trend:
Danimarkada Fiziki Şəxslərin Mərkəzi Reyestrindən (CPR) 8,8 milyon nəfərin şəxsi məlumatlarının sızması baş verib.
Bu barədə ölkənin Elm, Ali Təhsil və Rəqəmsallaşdırma Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Kənar şəxslər adlara, ünvanlara və sosial sığorta nömrələrinə çıxış əldə ediblər. Danimarkada 6 milyondan bir qədər çox insan yaşayır. Məlumat sızması, həmçinin vəfat etmiş və ya ölkədən mühacirət etmiş şəxslər barədə məlumatlara da aiddir.
Ümumilikdə, CPR-də təxminən 11 milyon şəxsin məlumatları saxlanılır. Ünvanı və ya şəxsi nömrəsi qorunan şəxslərdən məlumat sızmasından zərər çəkən olmayıb.
Hadisə ilə bağlı polis araşdırma aparır və iş Məlumatların Mühafizəsi İdarəsinə də təqdim edilib.
“Bütün sakinləri ayıq-sayıq olmağa çağırıram”, - deyə Elm, Ali Təhsil və Rəqəmsallaşdırma naziri Kristina Egelunn bildirib.
