Bakı. Trend:
Azərbaycanda hazırda zeytun yığımı mövsümüdür. Elə bu mövsümdə
Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalı
keçiriləcək.
Oktyabrın 23-25-də keçiriləcək festivalın qonaqlarını dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz ab-hava gözləyir.
Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.
Süfrələrimizin ayrılmaz neməti, bolluq və bərəkət rəmzi olan zeytun tədbirin əsas mövzusu olacaq, festival ərazisindəki pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim ediləcək. Zeytun yetişdirən insanların əməyinə, zeytunçuluq ənənələrinə və yerli məhsullara diqqət yönəltmək üçün gözəl fürsət yaranacaq.
Festivalın həm yerli, həm də xarici qonaqların sevimli gəzinti məkanlarından olan Dənizkənarı Milli Parkın ərazisində təşkili isə daha geniş ziyarətçi kütləsinə zeytun və zeytun məhsulları ilə yaxından tanışlıq imkanı verəcək.
Festival günlərində bulvarda maraqlı mədəni və əyləncəli proqram da təşkil ediləcək. Üç gün davam edəcək festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsiz olacaq.