Bakı. Trend:
15 yaşlı gənclərdə müasir dünyada vacib olan bacarıqlarda azalma müşahidə olunur, yəni şagirdlərin məlumatı qiymətləndirmək, müxtəlif mənbələr arasında əlaqə qurmaq və tənqidi düşünmək qabiliyyəti zəifləyir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bu barədə PISA-nın yaradıcısı Andreas Şleyxer “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”na ünvanladığı videoçarxda deyib.
O qeyd edib ki, mütaliə göstəriciləri aşağı düşür və rəqəmsal mütaliəyə doğru meyil artır:
“Yəni hər hansı bir kitabı vərəqləmək, bir romanı oxumaqdan zövq almaq əvəzinə, sosial şəbəkə lentlərini səthi vərəqləmək daha cəzbedici gəlir. Bu, müasir dünyada ehtiyac duyduğumuz fundamental bacarıqların zəifləməsinə səbəb ola bilər.
PISA məlumatları göstərir ki, mətnləri xülasə etmək kimi tapşırıqlar üçün süni intellekt çatbotlarından istifadə edən şagirdlər, bu alətlərdən istifadə etməyənlərlə müqayisədə adətən daha aşağı oxuma nəticələri göstərirlər. Bu, xüsusilə dərin idrak proseslərini və daxili motivasiyanı tələb edən işlərdə daha qabarıq görünür.
Hər şey süni intellektin real olaraq necə istifadə edilməsindən asılıdır. Lakin əsas məqam çox sadədir. Biz idman oyunlarına baxmaqla fiziki formaya düşmürük, idmanla məşğul olaraq formaya düşürük. Eynilə, öyrənmək də prosesə birbaşa qoşulmaq deməkdir”.
A.Şleyxer həmçinin əlavə edib ki, süni intellektdən öyrənmənin qısa yolu və ya hazır cavablar almaq vasitəsi kimi deyil, təfəkkürü və öyrənməni gücləndirmək üçün pedaqoji məqsədlərlə istifadə olunan bir alət kimi faydalanmalıyıq.
