Bakı. Trend:
Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması qaydası müəyyənləşdiriləcək.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada həyata keçirilməsi bu qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək.
Məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarların (qərardadların) qəbulu, həmin qərarların (qərardadların) icraata yönəldilməsi, habelə məhkəmə ekspertizasının sifariş edilməsi ilə bağlı müqavilənin bağlanılması barədə müvafiq məlumatların göndərilməsi, məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciətlərin qəbul edilməsi, məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların göndərilməsi müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunacaq və rəsmiləşdiriləcək.
Məhkəmə ekspertlərinin fəaliyyətində bu qanunun tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə göndərilməsi mümkün olmayan tədqiqat obyektləri məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan (qurum) və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertinə poçt vasitəsilə və ya bilavasitə təqdim ediləcək.
Elektron qaydada tərtib edilmiş ekspert rəyi təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq ediləcək və müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana (quruma) və şəxsə göndəriləcək.
