Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb (FOTO)

Mədəniyyət Press-reliz 5 Oktyabr 2026 11:50 (UTC +04:00)
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filmi Avropanın nüfuzlu kino platformalarından biri olan “NNW” Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Polşanın Qdınya şəhərində keçirilən 18-ci festivalda dünyanın müxtəlif ölkələrindən seçilmiş 60 ekran əsəri nümayiş olunub. Festivalın yekunlarına əsasən, “Sükut içində addımlar” filmi “Münsiflər heyətinin xüsusi qeydi” mükafatı ilə təltif edilib.

Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan film Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.

Ekran əsərinin baş qəhrəmanları minalardan təmizləmə fəaliyyəti ilə məşğul olan qadınlardan ibarət qrupdur. Hər an görünməz təhlükə ilə üz-üzə qalan bu qadınlar riskli və məsuliyyətli işləri ilə yanaşı, həm də qayğıkeş ana, zərif və baxımlı qadın obrazı kimi təsvir edilirlər. Onların gündəlik həyatındakı təhlükə, iradə, zəriflik və güc, ölüm və qalım arasındakı mübarizə film boyunca böyük bir sükutun dili ilə tamaşaçıya çatdırılır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Xatırladaq ki, Fariz Əhmədovun bu tammetrajlı sənədli filmi bundan əvvəl 66-cı Krakov Film Festivalında “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb. Ekran əsəri oktyabrın 17-dən 25-dək Rumıniyada təşkil olunacaq “Astra Film Festivalı”nda da nümayiş etdiriləcək.

Azərbaycan kinosunun beynəlxalq platformalarda uğurla təmsil olunması ölkəmizin mədəni irsinin və sənədli kino potensialının qlobal miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti