Azərbaycanın müstəqil xarici siyasətinin əsas nəticəsi geosiyasi seçim imkanlarını qorumasıdır - Elçin Mirzəbəyli

Siyasət Xəbər 3 Oktyabr 2026 17:37 (UTC +04:00)
Azərbaycanın müstəqil xarici siyasətinin əsas nəticəsi geosiyasi seçim imkanlarını qorumasıdır - Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müstəqil xarici siyasətinin əsas nəticəsi müxtəlif geosiyasi istiqamətlərdə milli maraqlardan çıxış edərək fəaliyyət göstərmək, tərəfdaşların dairəsini genişləndirmək və ölkənin strateji manevr imkanlarını qorumaqdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycanın müasir xarici siyasətinin mahiyyətini yalnız diplomatik təşəbbüslərin, beynəlxalq görüşlərin və ikitərəfli münasibətlərin statistikası ilə izah etmək mümkün deyil. Onun sözlərinə görə, bu siyasətin arxasında milli maraqlara əsaslanan, xarici təsirlər arasında seçim imkanlarını qoruyan, müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qura bilən və ölkənin geosiyasi mövqeyini siyasi kapitala çevirən müstəqil xarici siyasət konsepsiyası dayanır.

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında səsləndirdiyi fikirlər bu modelin mahiyyətini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət anlayışını bir sıra konkret üstünlüklərlə əlaqələndirməsi Azərbaycanın son illərdə keçdiyi diplomatik yolun konseptual çərçivəsini müəyyənləşdirir. Burada söhbət müstəqilliyi real geosiyasi imkanlara, beynəlxalq təsir gücünə və strateji manevr qabiliyyətinə çevirməkdən gedir.

Elçin Mirzəbəylinin sözlərinə görə, müstəqil xarici siyasətin birinci və ən mühüm nəticəsi dövlətin beynəlxalq münasibətlər sistemində hesablaşılması zəruri olan aktora çevrilməsidir.

O qeyd edib ki, beynəlxalq siyasətdə dövlətin hüquqi suverenliyi ilə faktiki siyasi çəkisi eyni anlayışlar deyil. Formal olaraq bütün suveren dövlətlər bərabər olsa da, praktiki siyasətdə onların qərarvermə proseslərinə təsir imkanları eyni deyil. Dövlətin çəkisi iqtisadi potensialı, hərbi imkanları, coğrafi mövqeyi, enerji və nəqliyyat kommunikasiyalarındakı rolu, diplomatik fəallığı, tərəfdaş şəbəkəsi və etibarlı tərəfdaş kimi qəbul edilməsi ilə müəyyənləşir.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyəti məhz bu amillərin bir-birini tamamlamasıdır. Ölkənin enerji, nəqliyyat və logistika imkanları onun geoiqtisadi əhəmiyyətini artırdığı kimi, müxtəlif beynəlxalq və regional platformalarda ardıcıl diplomatik fəallığı da siyasi çəkisini möhkəmləndirir.

Onun sözlərinə görə, bu iki istiqamətin paralel inkişafı nəticəsində Azərbaycan yalnız müəyyən layihələrin iştirakçısı deyil, müxtəlif maraqların kəsişdiyi məkanlarda qərarların formalaşmasına təsir göstərə bilən aktora çevrilir.

“Azərbaycanla hesablaşırlar” fikrinin konkret geosiyasi reallığın ifadəsi olduğunu deyən Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın mövqeyinin nəzərə alınması yalnız onun yerləşdiyi coğrafiyanın nəticəsi deyil. Əsas məsələ coğrafiyanın yaratdığı imkanların məqsədyönlü xarici siyasət vasitəsilə siyasi resursa çevrilməsidir.

Deputat müstəqil xarici siyasətlə bağlı ən mühüm yanlış təsəvvürlərdən birinin bunu hansısa güc mərkəzindən uzaqlaşmaq və ya bütün tərəfdaşlıqlardan kənarda qalmaq kimi təqdim etmək olduğunu bildirib. O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində müstəqillik təcrid olunmaq deyil, seçim imkanlarını qorumaqdır.

Elçin Mirzəbəyli Azərbaycan nümunəsində bu prinsipin xüsusilə aydın göründüyünü deyib. Onun sözlərinə görə, Azərbaycan eyni vaxtda müxtəlif siyasi, iqtisadi və geosiyasi mərkəzlərlə əməkdaşlıq edir.

Deputat Çinlə münasibətlərin 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini bu istiqamətdə mühüm hadisə kimi qiymətləndirib. O əlavə edib ki, 2026-cı ildə Çin tərəfi də münasibətləri məhz hərtərəfli strateji tərəfdaşlıq kimi xarakterizə edib.

Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan–ABŞ münasibətlərində də strateji əməkdaşlığın yeni mərhələsinə keçidi göstərən sənədlər qəbul olunub. Onun sözlərinə görə, 2026-cı ilin fevralında Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya qəbul edilərkən tərəflərin suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı dəstəyi ayrıca təsbit olunub.

“Bu faktlar Azərbaycanın xarici siyasətinin tərəf seçmək məntiqi ilə deyil, milli maraqların tələb etdiyi müxtəlif istiqamətlər üzrə paralel tərəfdaşlıqlar qurmaq məntiqi ilə fəaliyyət göstərdiyini nümayiş etdirir”, - deyə deputat vurğulayıb.

O bildirib ki, eyni yanaşma Avropa İttifaqı ilə münasibətlərdə də özünü göstərir. Azərbaycan–Aİ əməkdaşlığı enerji təhlükəsizliyi, nəqliyyat, regional bağlantılar, təhlükəsizlik və siyasi dialoq kimi bir-biri ilə əlaqəli sahələri əhatə edir.

Deputatın sözlərinə görə, 2026-cı ilin martında Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüşdə tərəfdaşlığın strateji əhəmiyyəti, təhlükəsizlik, enerji və nəqliyyat məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanıb.

Elçin Mirzəbəyli qeyd edib ki, çoxvektorlu siyasət Azərbaycan nümunəsində məqsəd deyil, müstəqil qərarvermənin təminat mexanizmidir. Ölkənin müxtəlif güc mərkəzləri ilə münasibətlərinin paralel inkişafı onun manevr imkanlarını genişləndirir və hər hansı bir xarici aktordan həddindən artıq asılılığın qarşısını alır.

Deputat Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən məqamlardan birinin Azərbaycanın bir-biri ilə ziddiyyət və qarşıdurma vəziyyətində olan güc mərkəzləri ilə məhsuldar münasibətlər qura bilməsi olduğunu bildirib.

O vurğulayıb ki, bu, yalnız diplomatik çeviklik məsələsi deyil. Burada daha mürəkkəb strateji mexanizm mövcuddur. Azərbaycan xarici siyasətini hansısa geosiyasi blokun kollektiv mövqeyinə tabe etmədən müxtəlif tərəflərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə münasibətlərini, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığını, Çinlə strateji tərəfdaşlığını, Ukrayna ilə əlaqələrini eyni siyasi sistem daxilində təhlil etmək mümkündür. Bu münasibətlərin hər biri müxtəlif məzmun və prioritetlərə malikdir. Lakin onların hamısında Azərbaycanın milli maraqları, suverenliyi və qarşılıqlı fayda əsasında əməkdaşlıq xətti qorunur.

Elçin Mirzəbəyli qeyd edib ki, bu yanaşma qlobal sistemdə qarşıdurmaların dərinləşdiyi şəraitdə xüsusi əhəmiyyət qazanır. Böyük güclər arasındakı rəqabətin intensivləşməsi orta güclərin qarşısında seçim problemini kəskinləşdirir. Belə şəraitdə strateji muxtariyyətini qoruyan dövlət üçün əsas üstünlük tərəflərdən birinin yanında dayanmaq deyil, müxtəlif tərəflərlə münasibətləri eyni vaxtda işlək saxlamaq imkanından ibarətdir.

Deputat Azərbaycanın enerji siyasətini bunun konkret nümunələrindən biri kimi göstərib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın enerji tərəfdaşlığını strateji xarakterli əməkdaşlıq kimi qiymətləndirir və ölkənin Avropanın enerji təhlükəsizliyinə töhfəsini xüsusi qeyd edir. 2026-cı ilin martında Aİ ilə aparılan dialoqda Azərbaycanın 10 Avropa ölkəsinə qaz ixrac etməsi də vurğulanıb.

O bildirib ki, enerji yalnız iqtisadi məsələ deyil. Enerji əməkdaşlığı siyasi etimad, uzunmüddətli müqavilələr, infrastruktur və qarşılıqlı asılılıq yaradır. Bu baxımdan Azərbaycanın enerji resursları və tranzit imkanları xarici siyasətdə ayrıca geosiyasi kapital funksiyası daşıyır.

Elçin Mirzəbəyli müstəqil xarici siyasətin digər mühüm nəticəsinin ölkənin müxtəlif tərəflər arasında dialoq və təmas platformasına çevrilə bilməsi olduğunu deyib.

O qeyd edib ki, heç bir dövlət yalnız özünü vasitəçi elan etməklə belə status əldə etmir. Vasitəçilik üçün ən vacib resurslardan biri etimaddır. Tərəflər arasında dərin siyasi ziddiyyətlər olduqda onların üçüncü bir dövlətin ərazisində görüşməyə razılıq verməsi həmin dövlətin müəyyən dərəcədə etibarlı və balanslı aktor kimi qəbul edilməsini tələb edir.

Deputatın sözlərinə görə, Azərbaycan son illərdə müxtəlif səviyyələrdə belə platforma funksiyasını yerinə yetirən ölkələrdən birinə çevrilib.

O bildirib ki, bunun arxasında ölkənin geosiyasi mövqeyi ilə yanaşı, xarici siyasət kursunun proqnozlaşdırıla bilməsi dayanır. Etimadın əsas şərti məhz budur. Tərəfdaş dövlət bilməlidir ki, Azərbaycan onunla əldə etdiyi razılaşmalara sadiq qalır və öz ərazisini başqa bir tərəfə qarşı siyasi təzyiq alətinə çevirmir.

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın qlobal problemlərin müzakirəsi və əməkdaşlıq üçün dialoq platformalarını formalaşdırmaq və həyata keçirmək missiyası təsadüfi diplomatik fəallıq deyil.

Onun sözlərinə görə, ölkənin coğrafi mövqeyi onu Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində mühüm kommunikasiya qovşağına çevirdiyi kimi, müstəqil xarici siyasəti də onu müxtəlif siyasi maraqların təmas nöqtəsinə çevirir. Geoiqtisadi bağlantı və siyasi etimad isə qarşılıqlı olaraq bir-birini gücləndirir.

Deputat Azərbaycanın regional bağlantılarda artan rolunun da bu kontekstdə qiymətləndirilməli olduğunu bildirib. O qeyd edib ki, Avropa İttifaqı ilə dialoqda Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasındakı regional bağlantılarda mühüm rolu ayrıca vurğulanır.

“Azərbaycan üçün dəhliz, nəqliyyat qovşağı, enerji tərəfdaşı və diplomatik platforma anlayışları bir-birindən tam ayrı proseslər deyil. Bunların hamısı ölkənin strateji çəkisini artıran vahid geosiyasi sistemin elementləridir”, - deyə Elçin Mirzəbəyli bildirib.

O, Azərbaycanın xarici siyasətindəki keyfiyyət dəyişikliklərindən birinin ölkənin beynəlxalq təşkilatlarda sadəcə iştirakçı statusundan çıxaraq gündəliyin formalaşmasına təsir göstərən təşəbbüskar aktora çevrilməsi olduğunu qeyd edib.

Deputat bunun ən mühüm nümunələrindən birinin Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi olduğunu deyib. Azərbaycan 2019-cu ildə Hərəkatın sədrliyinə üzv dövlətlərin yekdil qərarı ilə seçilib, sədrliyin müddəti isə yenidən yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb. Onun sözlərinə görə, bu faktın özü siyasi etimadın mühüm göstəricisi olub.

Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti yalnız sədrliyi həyata keçirməklə məhdudlaşmayıb. COVID-19 pandemiyası dövründə Azərbaycanın təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, daha sonra BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü Azərbaycanın beynəlxalq gündəliyin formalaşdırılmasına təsir imkanını nümayiş etdirib.

Onun sözlərinə görə, daha əhəmiyyətlisi sədrliyin institusional nəticələri olub. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb, Qadınlar Platformasının formalaşdırılması istiqamətində addımlar atılıb.

“Azərbaycan mövcud beynəlxalq formatdan yalnız öz siyasi maraqları üçün istifadə etmədi; həmin formatın institusional inkişafına da töhfə verdi”, - deyə deputat vurğulayıb.

O bildirib ki, bu, xarici siyasətdə mühüm keyfiyyət fərqidir. Formatda iştirak edən dövlət qaydalara uyğun hərəkət edir, formatı canlandıran və yeni mexanizmlər yaradan dövlət isə qaydaların formalaşmasına təsir göstərir.

Deputat Azərbaycanın sonrakı diplomatik fəaliyyətinin də bu xəttin davam etdiyini göstərdiyini deyib.

Elçin Mirzəbəyli D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsini diqqətəlayiq nümunə kimi göstərib. O bildirib ki, Azərbaycan bu təşkilat yarandıqdan sonra ona qoşulan ilk yeni ölkə olub və üzvlərin yekdil qərarı ilə qəbul edilib.

Onun sözlərinə görə, bu hadisəni yalnız yeni beynəlxalq təşkilata üzvlük kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycanın müxtəlif regional və sivilizasion məkanları birləşdirən dövlət kimi mövqeyi onun İslam dünyası, türk dünyası, Avropa və Asiya arasında çoxşaxəli əlaqələr qurmaq imkanlarını genişləndirir.

Deputat eyni prosesin Mərkəzi Asiya ilə münasibətlərdə də müşahidə olunduğunu bildirib. Azərbaycan artıq region dövlətləri ilə ikitərəfli əlaqələrlə kifayətlənmir və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatında da iştirak edir.

O qeyd edib ki, 2026-cı ilin iyulunda Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi bu əməkdaşlığın siyasi ölçüsünün genişləndiyini göstərir.

Elçin Mirzəbəyli bildirib ki, bu yanaşma Azərbaycanın xarici siyasətinin daha geniş transformasiyasından xəbər verir. Ölkə müxtəlif təşkilat və platformalara qoşulmaqla kifayətlənmir, onların daxilində öz siyasi çəkisini və təşəbbüskarlıq qabiliyyətini artırmağa çalışır.

Deputatın sözlərinə görə, bütün bu nümunələr bir araya gətirildikdə Azərbaycanın xarici siyasət modelinin mühüm xüsusiyyəti üzə çıxır. Bu modelin əsas məqsədi müxtəlif güc mərkəzləri arasında seçim etmək deyil, seçim imkanlarını qorumaq və genişləndirməkdir.

O vurğulayıb ki, bu fərq prinsipial əhəmiyyət daşıyır. Çünki geosiyasi asılılıq yalnız bir ölkənin digərindən iqtisadi və ya hərbi asılılığı ilə yaranmır. Xarici siyasətdə alternativlərin azalması da asılılıq yaradır.

“Əgər dövlət yalnız bir siyasi, iqtisadi və ya təhlükəsizlik mərkəzinə söykənirsə, onun qərarvermə sərbəstliyi obyektiv olaraq məhdudlaşır. Əksinə, müxtəlif tərəflərlə qarşılıqlı faydaya əsaslanan əlaqələr quran dövlət böhran və qarşıdurma şəraitində manevr imkanlarını daha uzun müddət qoruyub saxlaya bilir”, - deyə deputat bildirib.

Elçin Mirzəbəyli Azərbaycanın çoxvektorlu siyasətinin strateji əhəmiyyətinin də məhz bundan ibarət olduğunu qeyd edib.

O bildirib ki, Çinlə strateji tərəfdaşlıq, ABŞ-la strateji əməkdaşlıq, Avropa İttifaqı ilə enerji və nəqliyyat tərəfdaşlığı, Rusiya ilə münasibətlər, türk dövlətləri ilə inteqrasiya, İslam dünyası ilə əməkdaşlıq, Mərkəzi Asiya ilə yaxınlaşma və Qoşulmama Hərəkatı kimi geniş platformalarda fəallıq bir-birini inkar edən deyil, əksinə, milli maraqlar çərçivəsində bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasətini yalnız “balanslaşdırma siyasəti” anlayışı ilə məhdudlaşdırmaq da kifayət deyil. Çünki balans yalnız mövcud qüvvələr arasında tarazlıq yaratmaq deməkdir. Azərbaycanın yanaşmasında isə daha fəal element var və ölkə özü üçün yeni imkanlar və yeni əməkdaşlıq formatları yaratmağa çalışır.

Elçin Mirzəbəyli müstəqil xarici siyasətin yalnız siyasi iradə ilə təmin edilmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu siyasətin davamlılığı üçün dövlətin iqtisadi, enerji, hərbi, diplomatik və institusional resursları olmalıdır.

Deputat bildirib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətdə bu resursların bir-birini tamamlaması müşahidə edilir. Enerji layihələri iqtisadi imkanlar yaradır, nəqliyyat layihələri geoiqtisadi çəkini artırır, müdafiə qabiliyyəti siyasi qərarların arxasında dayanan təhlükəsizlik təminatını gücləndirir, diplomatik fəallıq isə əldə olunan imkanları beynəlxalq siyasi kapitala çevirir.

“Xarici siyasətin müstəqilliyi daxili dövlətçilik qabiliyyətindən ayrı mövcud deyil”, - deyə o bildirib.

Deputat qeyd edib ki, müstəqil xarici siyasət üçün ilk növbədə müstəqil qərarvermə qabiliyyətinə malik dövlət lazımdır. Dövlətin iqtisadi və siyasi dayanıqlığı nə qədər yüksəkdirsə, onun xarici təzyiqlər qarşısında seçim imkanları da bir o qədər geniş olur.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi nəticələri yalnız diplomatiyanın uğuru kimi qiymətləndirmək düzgün olmazdı. Bu nəticələr həm də dövlətin müxtəlif sahələrdə yaratdığı resursların xarici siyasətə çevrilməsinin göstəricisidir.

Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında müstəqil xarici siyasətin yaratdığı üstünlüklərlə bağlı səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətinin ayrı-ayrı epizodlarının deyil, bütöv bir strateji modelin ümumiləşdirilməsidir.

O qeyd edib ki, müstəqil xarici siyasət Azərbaycanı beynəlxalq qərarvermə proseslərində mövqeyi nəzərə alınan dövlətə çevirir, çoxvektorlu diplomatiya müxtəlif güc mərkəzləri ilə münasibətləri paralel şəkildə inkişaf etdirməklə ölkənin strateji manevr imkanlarını genişləndirir, qarşıdurma vəziyyətində olan tərəflərlə işlək münasibətlərin saxlanılması Azərbaycana dialoq və vasitəçilik platforması funksiyası qazandırır.

Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlarda fəal iştirak Azərbaycanı sadəcə qərarların icraçısı deyil, gündəliyin formalaşmasına təsir edən təşəbbüskar aktora çevirir. Yeni formatlara qoşulmaqla yanaşı, mövcud formatların institusional inkişafına töhfə vermək və yeni əməkdaşlıq imkanları yaratmaq da Azərbaycanın beynəlxalq sistemdə çəkisini artırır.

Elçin Mirzəbəyli vurğulayıb ki, müstəqil xarici siyasətin ən böyük nəticəsi ayrı-ayrı diplomatik uğurların cəmi deyil.

“Əsas nəticə Azərbaycanın öz milli maraqlarını qorumaqla müxtəlif geosiyasi istiqamətlərdə fəaliyyət göstərə bilən, tərəflər arasında təmas yaradan, regional və qlobal proseslərə təşəbbüslərlə təsir göstərən dövlətə çevrilməsidir”, - deyə deputat bildirib.

O əlavə edib ki, Azərbaycanın xarici siyasətinin mahiyyətini kiminsə yanında olmaq düsturunda axtarmaq doğru deyil. Burada əsas məsələ Azərbaycanın özünün yanında olması, öz maraqlarından çıxış etməsi və bu maraqları beynəlxalq əməkdaşlığın müxtəlif istiqamətləri ilə uzlaşdıra bilməsidir.

Deputatın sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasətinin strateji məntiqi milli maraqları qorumaq, tərəfdaşların dairəsini genişləndirmək, seçim imkanlarını saxlamaq, etimad yaratmaq və ölkənin geosiyasi mövqeyini real siyasi təsir imkanına çevirməkdən ibarətdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti