Üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizlik üçün mühüm platformadır – Zakir Həsənov

Cəmiyyət 2 Oktyabr 2026 12:11 (UTC +04:00)
Üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizlik üçün mühüm platformadır – Zakir Həsənov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuşada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında deyib.

Nazir görüşün üç ölkə arasındakı dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu bildirib. O, ənənəyə çevrilmiş üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Görüşümüzün işgüzar mühitdə keçdiyini və çox səmərəli olduğunu qeyd etmək istəyirəm”, – deyə Zakir Həsənov bildirib.

Müdafiə naziri qeyd edib ki, görüşdə münasibətlərin ikitərəfli və üçtərəfli formatlarda inkişaf perspektivləri, regionda cərəyan edən əsas siyasi proseslər, bölgə infrastrukturunun əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Onun sözlərinə görə, dünyada gərginliyin artması, yaşanan çətinliklər və iqtisadi maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir.

Zakir Həsənov 2026-cı il ərzində də üçtərəfli formatda bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirib. O, tərəflərin əməkdaşlığın nəticələrindən razı olduğunu, birgə səylərlə əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Nazir qarşılıqlı hörmətə, dostluq münasibətlərinə və etimada əsaslanan əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda Zakir Həsənov həmkarlarına səmərəli müzakirələrə görə təşəkkür edib, xalqlara sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti