Bakı. Trend:
1 oktyabr tarixində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, Tərəfdaşlıq Prioritetləri, yeni ikitərəfli saziş üzrə danışıqlar, enerji və nəqliyyat bağlantıları, iqlim əməkdaşlığı, habelə regional məsələlər müzakirə olunub.
Nazir müavini Azərbaycan ilə Aİ arasında son dövrdə yüksək səviyyəli təmasların intensivləşdiyini, enerji, ticarət və bağlantılar sahələrində əməkdaşlığın genişləndiyini bildirib. Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq, Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafı sahəsində gördüyü işlər, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Enerji əməkdaşlığına toxunularaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, təbii qaz tədarükünün genişləndirilməsi perspektivləri, habelə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Azərbaycan-Ermənistan normallaşma prosesinə dair fikir mübadiləsi zamanı Vaşinqton sammitindən keçən dövr ərzində əldə edilmiş irəliləyişlər, ölkəmizin sülh gündəliyi, etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib.
Görüşdə nümayəndə heyətinin çoxsaylı sualları cavablandırılıb.
