Bakı. Trend:
Azərbaycanda UnionPay ödəniş kartları ilə əməliyyatların həcmi 200 min manatı ötüb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin avqust ayının sonuna Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış UnionPay kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumi məbləği 200 min manatdan çox olan 2,2 min əməliyyat həyata keçirilib.
Bundan əlavə, AMB-nin məlumatları göstərir ki, ötən ilin avqust ayı ilə müqayisədə əməliyyatların sayı 1,8 mindən çox və ya 5,5 dəfə, həcmi isə 150 min manatdan çox və ya 4 dəfə artıb.
AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış UnionPay kartları üzrə əməliyyatların sayı 3,1 min, əməliyyatların həcmi isə 300 min manatdan çox olub.
Bankın məlumatına əsasən, ötən ilin avqust ayı ilə müqayisədə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış UnionPay kartları üzrə əməliyyatların sayı 1,3 mindən çox və ya 72,2 faiz artıb, əməliyyatların həcmi isə dəyişməyib.
Qeyd edək ki, rezident maliyyə institutları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli banklar və ya maliyyə təşkilatları) tərəfindən buraxılmış ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcminə və sayına aiddir.
Qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindən verilmiş ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda həyata keçirilən əməliyyatların sayını və ümumi həcmini (məbləğini) əks etdirir.
