Bakı. Trend:
İran tərəfi ABŞ-dən müzakirələrin bərpa olunması ilə əlaqədar təklif alıb.
Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ tərəfinin İrana təklifini alıb”, -deyə o qeyd edib.
Mohacerani bildirib ki, İran Nazirlər Kabinetinin bugünkü iclasında İran xarici işlər nazirinin Nyu-Yorka səfəri, görüşlər, o cümlədən vasitəçilərin vasitəsi ilə Hörmüz boğazının açılması ilə əlaqədar İranın irəli sürdüyü təklif araşdırılıb.
Hökumət sözçüsü qeyd edib ki, qarşı tərəfin İranı təcrid etmək üçün səylər göstərməsinə baxmayaraq, İran heyəti diqqət mərkəzində olub və Avropa, Fars körfəzinin ətrafındakı ölkələr və digər ölkələrin rəsmiləri ilə çoxsaylı görüşlər təşkil olunub və xarici siyasət üzrə həll yolunun tapılması üçün diplomatik səylər ciddi şəkildə diqqət mərkəzində saxlanılıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
