Qrinspan BMT baş katibi vəzifəsinə seçkilərdə liderdir

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 06:37 (UTC +04:00)
Qrinspan BMT baş katibi vəzifəsinə seçkilərdə liderdir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan BMT Təhlükəsizlik Şurasında təşkilatın baş katibi vəzifəsinə namizədlərlə bağlı keçirilən dördüncü ilkin səsvermənin nəticələrinə əsasən yenidən ən çox dəstək səsi toplayıb.

Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının 10 üzvü Qrinspanı dəstəkləyib, 3 üzv onun əleyhinə çıxıb, 2 üzv isə mövqeyini bildirməkdən çəkinib. Bundan əvvəl TASS-ın BMT-dəki mənbəsi sentyabrın 18-də keçirilmiş ilkin səsvermənin nəticələrinə əsasən Qrinspanın 9 Təhlükəsizlik Şurası üzvünün dəstəyini qazandığını, 5 üzvün onun əleyhinə səs verdiyini, daha bir üzvün isə mövqeyini açıqlamadığını bildirmişdi.

Reuters qeyd edir ki, Qayana namizədi Kerolayn Rodriges-Birkett və MAQATE-nin baş direktoru Rafael Qrossi sentyabrın 29-da hərəyə 8 dəstək səsi alıblar. Lakin Rodriges-Birkett 6 əleyhinə, Qrossi isə 7 əleyhinə səs toplayıb.

2017-ci ildən BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Təhlükəsizlik Şurasının üzvləri dünya təşkilatının rəhbəri vəzifəsinə namizədi seçərək onun namizədliyini Baş Assambleyaya tövsiyə edirlər. Bundan sonra Baş Assambleyada səsvermə keçiriləcək və BMT-nin yeni baş katibi rəsmi olaraq seçiləcək.

Qrinspan, Rodriges-Birkett və Qrossi ilə yanaşı, dünya təşkilatının rəhbəri vəzifəsinə Seneqalın keçmiş prezidenti Maki Sall, Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvonn Baki və Uqandanın BMT-dəki keçmiş daimi nümayəndəsi Olara Otunnu da namizəddirlər.

Xəbər lenti

Xəbər lenti