Praqada Azərbaycanın Milli Qəhrəman Natiq Qasımov haqqında film nümayiş olunub (FOTO)

Cəmiyyət Xəbər 28 Sentyabr 2026 18:46 (UTC +04:00)
Praqada Azərbaycanın Milli Qəhrəman Natiq Qasımov haqqında film nümayiş olunub (FOTO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqdan, ağır döyüş şəraitində nümayiş etdirdiyi cəsarətdən, Vətənə və Azərbaycan bayrağına sədaqətindən bəhs edən “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan diasporunun Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutan filmin təqdimatı 27 sentyabr – Anım Gününə həsr olunub.

Tədbirdə soydaşlarımız, Çexiya, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdən qonaqlar, o cümlədən siyasi dairələrin nümayəndələri də daxil olmaqla 100-ə yaxın şəxs iştirak edib.

Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev Anım Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsində şəhid olan hərbçilərimizin qəhrəmanlığından və Azərbaycan xalqının şanlı Zəfərindən danışıb.

Fərid Əmirəliyev Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyətdən bəhs edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın fədakarlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Əməkdar artisti, “Soy Production”un rəhbəri Dilara Əliyeva çıxışında filmin məqsədi, hazırlanma prosesi və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlıq yolunun ekran vasitəsilə tamaşaçılara çatdırılması barədə fikirlərini bölüşüb.

Tədbirin ən təsirli məqamlarından biri Natiq Qasımovun əmisi oğlu, hazırda Çexiyanın paytaxtı Praqada yaşayan Çingiz Qasımovun çıxışı olub. Onun Natiq Qasımovun həyatı və qəhrəmanlığı ilə bağlı səsləndirdiyi fikirlər xüsusi maraqla qarşılanıb.

Çıxışlar zamanı filmin təqdimatına göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edilib.

Daha sonra “Soy Production”ın süni intellekt texnologiyalarından istifadə edilməklə hazırladığı “Düşmənə qarşı tək” filmi nümayiş etdirilib. Təqdimat tamaşaçılarda dərin emosional təəssürat yaradıb.

Filmin ideya müəllifi və süni intellekt mütəxəssisi Sarvan Hüseyn, Nəzrin Mərdanlı, redaktoru və ssenaristi Fariz Əliyevdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti