Bakı.Trend:
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanı Qara dənizdə respublikaya məxsus gəmilərə hücumları dayandırmağa çağırıb.
Qazaxıstan KİV-nin məlumatına görə, nazir bu barədə BMT Baş Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü zamanı bildirib.
“Əlbəttə, ikitərəfli görüşlər çərçivəsində bir çox ölkənin xarici işlər nazirləri ilə görüşdüm. Onların arasında Rusiya xarici işlər naziri Sergey Lavrov və Andrey Sibiqa da var idi. Onlarla yaranmış münaqişə kontekstində münasibətlərimizi müzakirə etdik. İlk növbədə, Ukrayna tərəfi ilə Qara dənizdə gəmilərimizə pilotsuz uçuş aparatları ilə hücumlara bundan sonra yol verilməməsinin vacibliyindən danışdıq”, - deyə o bildirib.
Tleuberdi, həmçinin Lavrovu müharibəni mümkün qədər tez başa çatdırmaq üçün Kiyevlə danışıqlar aparmağa çağırıb. O, sülh danışıqlarının Qazaxıstanda keçirilməsinə etiraz etməyəcəyini də qeyd edib.
