Bakı.Trend:
"ExxonMobil" Azərbaycanda qeyri-ənənəvi karbohidrogenlərin mənimsənilməsi üzrə layihənin operatoru olacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilir.
"SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında SOCAR və “ExxonMobil Corporation” Anlaşma Memorandumu imzalayıb. Sənəd Azərbaycanın neft-qaz sektorunda əməkdaşlığı nəzərdə tutur.
Bu ilin mart ayında isə ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf Azərbaycanın qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinə başladığını bildirib.
Nəcəf vurğulayıb ki, Xəzər dənizində əhəmiyyətli balıq ehtiyatları olduğuna görə bu mövzu əvvəllər ölkə üçün prioritet olmayıb.
"Əvvəllər biz dənizdə neft və qaz yataqlarına diqqət yetirirdik. İndi isə dəniz yataqlarının işlənməsi ilə paralel olaraq, quruda qeyri-ənənəvi sərvətlərin işlənməsini də həyata keçiririk. Bu mənada, Amerika şirkətləri bu layihənin təbii tərəfdaşlarıdır, çünki onlar lazımi texnologiyalara, biliklərə və təcrübəyə çıxış əldə edirlər. Bu layihənin uğurlu inkişafı üçün məhz bu tələb olunur. Biz artıq ExxonMobil ilə işləməyə başlamışıq", - o bildirib.
Qeyd edək ki, “ExxonMobil Corporation” (NYSE: XOM) ABŞ-nin transmilli enerji şirkəti və dünyanın ən iri açıq səhmdar neft-qaz şirkətlərindən biridir. “ExxonMobil” neft və təbii qazın kəşfiyyatı və hasilatı, neftin emalı, neft məhsulları və neft-kimya məhsullarının istehsalı və satışı ilə məşğuldur. Şirkət həmçinin aşağı karbonlu enerji istiqamətlərini inkişaf etdirir.
