Bakı.Trend:
Ekosistemlər sənaye zonalarının yeni istiqamətinə çevrilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə ölkə meneceri Natali Mouravidze cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı bir investor olaraq müxtəlif şirkətlər və müxtəlif ölkələrlə işindən böyük təcrübə toplayır.
“Keçmişdə investorlar zavodlar tikmək üçün gəlirdilərsə, indi tamamilə fərqli suallar verirlər: "Mən bu regiondan fəaliyyətimi genişləndirə bilərəmmi?", "Fərqli bazarları əhatə edə bilərəmmi?", "Hansı ekosistem mövcuddur?".
Bir çox ölkələrdə həyata keçirdiyimiz layihələr bir halda uğurlu oldu. Həmin dövrdə sənaye zonaları özlərini yalnız sənaye zonası kimi görməkdən əl çəkib, təchizatçıların, alıcıların və istehsalçıların bir araya gəldiyi ekosistemlərə çevrildilər. Bütün bu komponentlər Azərbaycanda artıq mövcuddur”,- deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İki gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (“Ambrosetti”) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
