Bakı.Trend:
Tailandın paytaxtı Banqkokda güclü yağış və daşqınlar səbəbindən fəlakət rejimi elan edilib.
AFP-nin xəbərinə görə, sentyabrın 24-dən etibarən şəhərdə, demək olar ki, 300 mm yağıntı düşüb.
Ən mürəkkəb vəziyyət Banqkokun şərq hissəsində yaranıb. Uzunmüddətli yağışlar yolları su altında qoyub, kanallarda suyun səviyyəsi yüksələrək yaxınlıqdakı ev və restoranlara dolub.
“24 sentyabrdan etibarən 48 saat ərzində Banqkoka, demək olar ki, 300 mm yağıntı düşüb. Əsas kanallar şəhərin onlardakı suyu çəkib çıxara bildiyindən daha sürətlə dolub”, – deyə Banqkok qubernatoru Çadçart Sittipunt bildirib.
Onun sözlərinə görə, yağışlar davam edir, kanallar isə dolub-daşır. Kanalların yaxınlığında yerləşən evlərdə yaşayan sakinlər risk altındadır.
Qubernator yeni yağıntıların olacağı barədə xəbərdarlıq edib və sakinləri avtomobillərini hündür ərazilərə aparmağa çağırıb.
