Bakı.Trend:
Türkiyədə tütün istifadəsinin azaldılması məqsədilə yeni sərt qanun layihəsi hazırlanır. Səhiyyə Nazirliyinin təxminən, bir ildir üzərində çalışdığı layihəyə əsasən, 2015-ci il yanvarın 1-dən sonra doğulan şəxslərə tütün məhsullarının satışı ömürlük qadağan edilə bilər.
Bu barədə Səhiyyə Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinin müəllimi, “Yeşilay” Elmi Şurasının üzvü, professor Toker Ergüder məlumat verib.
Onun sözlərinə görə, layihənin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır.
Ergüder bildirib ki, Türkiyədə siqaret satışı 2012-ci ildəki 91 min tondan və 4,5 milyard qutudan 2025-ci ildə 160 min ton və 8 milyard qutuya yüksəlib. Xüsusilə son 10-15 ildə qadınlar arasında siqaret istifadəsinin 40-50 faiz, 15-24 yaşlı gənc qadınlar arasında isə 90 faizdən çox artdığı qeyd edilib.
Layihədə daha uzunmüddətli hədəf kimi 2040-cı ildən Türkiyədə tütün məhsullarının istehsalı və satışının tamamilə dayandırılması nəzərdə tutulur. Həmçinin siqaret qutularına yeni “sağlamlıq vergisi” tətbiq edilərək əldə olunan vəsaitin profilaktik və səhiyyənin inkişafına yönəldilməsi planlaşdırılır.
Qanun layihəsinə əsasən, qapalı məkanlarda siqaret qadağasının açıq ərazilərə də genişləndirilməsi, küçə, park və ictimai iaşə obyektlərinin açıq hissələrində yalnız xüsusi izolyasiya olunmuş zonalarda tütün istifadəsinə icazə verilməsi nəzərdə tutulur.
