Azərbaycan və Afrika arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün imkanlar var – AZPROMO

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 17:06 (UTC +04:00)
Azərbaycan və Afrika arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün imkanlar var – AZPROMO
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Afrika ölkələri arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, Afrika qitəsi son illərdə orta hesabla 4-5 faiz ÜDM artımı nümayiş etdirib. Gənc və artan əhali isə qitənin həm əmək resursları, həm də istehlakçılar, sahibkarlar və innovasiya mənbəyi kimi iqtisadi potensialını artırır.

“Qitənin əsas ixrac məhsulları arasında neft, qızıl, faydalı qazıntılar, təbii qaz və kənd təsərrüfatı məhsulları yer alır. Azərbaycanın resursları, bazarları və insan kapitalı isə ənənəvi ticarət əlaqələrindən daha geniş əməkdaşlıq imkanları yaradır”, - deyə S.Yəhyayeva qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla Afrika ölkələri arasında iqtisadi əlaqələr hələ inkişaf mərhələsindədir və mövcud göstəricilər artım üçün geniş imkanların olduğunu göstərir.

“2005-ci ildə Azərbaycanın Afrika ilə ticarət balansı 102 milyon ABŞ dolları həcmində mənfi olub. İxracın nisbətən aşağı səviyyədə qalmasının səbəbləri arasında biznesdən-biznesə əlaqələrin kifayət qədər inkişaf etməməsi, bazar imkanları barədə məlumatlılığın məhdud olması, coğrafi məsafə və nisbətən yüksək logistika xərcləri göstərilə bilər”, - deyə o bildirib.

S.Yəhyayeva qeyd edib ki, 1995-2025-ci illər ərzində 25 Afrika ölkəsi ilə investisiya əməkdaşlığı həyata keçirilib. Bununla belə, investisiya axınlarının həcmi hələ də məhdud olaraq qalır.

“Afrika ölkələrindən Azərbaycana birbaşa xarici investisiyaların (FDI) həcmi 104 milyon ABŞ dolları təşkil edib. Bu, Azərbaycana cəlb edilmiş ümumi birbaşa xarici investisiyaların 0,08 faizinə bərabərdir”, - deyə AZPROMO rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycana Afrikadan yatırılan investisiyalar əsasən Komor İttifaqı, Mavriki, Seyşel adaları, Misir, Liberiya, Liviya və Mərakeşdən daxil olub.

S.Yəhyayeva bildirib ki, 1995-2025-ci illərdə Azərbaycanın Afrikaya yatırdığı birbaşa xarici investisiyaların ümumi həcmi 19,9 milyon ABŞ dolları təşkil edib.

“Azərbaycanın Afrikaya investisiyalarının əsas istiqamətləri Seyşel adaları, Nigeriya, Mavritaniya, Liviya və Komor İttifaqı olub”, - deyə o əlavə edib.

AZPROMO rəsmisi qeyd edib ki, hər iki istiqamətdə investisiya əməkdaşlığı əsasən qeyri-neft sektorunda cəmləşib.

“Bu, tərəfdaşlığımızın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün faydalı baza yaradır”, - deyə S.Yəhyayeva bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti