Azərbaycan etimad üzərində qurulan uzunmüddətli tərəfdaşlıqlara üstünlük verir - Mikayıl Cabbarov

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 10:37 (UTC +04:00)
Azərbaycan etimad üzərində qurulan uzunmüddətli tərəfdaşlıqlara üstünlük verir - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan etimad üzərində qurulan uzunmüddətli tərəfdaşlıqların inkişafına, regionlararası əlaqələrin möhkəmləndirilməsinə və bu əlaqələr əsasında yeni iqtisadi dəyərin yaradılmasına üstünlük verir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Nazir bildirib ki, hazırda bizneslər və hökumətlər investisiya istiqamətlərini, prioritetləri, ticarət tərəfdaşlarını və etibar edilə biləcək əlaqələri yenidən nəzərdən keçirirlər.

"Biz qloballaşmanın öz formasını dəyişdirdiyi bir dövrdə görüşürük. Məsrəf və səmərəlilik vacib olaraq qalır. Lakin tərəfdaşların etibarlılığı və təchizat zəncirinin davamlılığı iqtisadi qərarların və siyasətlərin qəbulunda daha böyük çəkiyə malik olur", - deyə M.Cabbarov vurğulayıb.

Onun sözlərinə görə, son altı ildə baş verən pandemiya, daşınma və təchizat zəncirlərində yaranan pozuntular, eləcə də davam edən geosiyasi gərginliklər uzaqda baş verən hadisələrin belə yerli istehsala qısa müddətdə təsir göstərə biləcəyini nümayiş etdirib.

"Tariflər, subsidiyalar və ixrac nəzarətləri strateji sənaye sahələrinin rəqabətli mühitdə harada yerləşəcəyinə getdikcə daha çox təsir edir. Hər kəs davamlılıq axtarışındadır. Bu, təbii haldır. Lakin davamlılığın da öz qiyməti var. Təchizat zəncirlərinin təkrarlanması və texnologiyaya çıxışın məhdudlaşdırılması çox vaxt istehsalı daha da bahalaşdırır", - nazir qeyd edib.

M.Cabbarov bildirib ki, beynəlxalq əməkdaşlığın və ticarətin açıq saxlanılmasında maraqlı olan kiçik iqtisadiyyatların rolu getdikcə artır.

O qeyd edib ki, hökumətlər bütün xarici riskləri aradan qaldıra bilməz, lakin öz siyasətlərini daha proqnozlaşdırılan edə və götürülən öhdəliklərə hörmətlə yanaşılacağını nümayiş etdirə bilərlər.

"Biz məhz bu nöqtədə etimad qurmağı seçmişik. İnanırıq ki, etimad konkret sübutlara söykənir", - deyə M.Cabbarov bildirib.

Nazir Azərbaycanın uzunmüddətli öhdəliklərin icrası sahəsində təcrübəsini ölkəyə olan etimadın əsas göstəricilərindən biri kimi qeyd edib.

"1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə imzalanmış "Əsrin Müqaviləsi" Azərbaycan ilə aparıcı qlobal enerji şirkətləri arasında güclü əməkdaşlıq modelini bərqərar etdi", - deyə o bildirib.

M.Cabbarov Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəyə də diqqət çəkib.

"Artıq üç onillikdən çoxdur ki, tərəfdaşlarımızla çiyin-çiyinə çalışaraq yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və regiondan kənarda yerləşən bir çox ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış etmişik", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan qazı 16 ölkəyə tədarük olunur və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür.

"Bu, Azərbaycanı coğrafi regionumuzda boru kəməri qazının aparıcı təchizatçılarından birinə çevirir. Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə bundan da çoxdur", - deyə M.Cabbarov əlavə edib.

İqtisadiyyat naziri investisiyaların və təkrar investisiyaların davamlılığının da ölkəyə olan etimadın mühüm göstəricisi olduğunu bildirib.

"Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyalar və təkrar investisiyalar yaratmağa davam edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri qazancları yenidən Azərbaycana, xüsusilə ənənəvi enerji istehsalı ilə yanaşı, bərpa olunan enerji sahəsinə yatırmağı seçirlər", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti