TRIPP ABŞ-ın təchizat zəncirlərini gücləndirməyə kömək edəcək

İqtisadiyyat Xəbər 24 Sentyabr 2026 08:53 (UTC +04:00)
TRIPP ABŞ-ın təchizat zəncirlərini gücləndirməyə kömək edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ABŞ-ın təchizat zəncirlərinin gücləndirilməsinə kömək edəcək.

Bu barədə ABŞ Nümayəndələr Palatasının Arizona ştatının 8-ci seçki dairəsindən üzvü Abraham C. Həmadeh Nyu-Yorkda Caspian Policy Center (CPC) tərəfindən təşkil olunan yeddinci illik Xəzər Biznes Forumunda çıxışı zamanı deyib.

Həmadeh ABŞ-ın Cənubi Qafqazda və daha geniş Xəzər regionunda sülhün, nəqliyyat əlaqələrinin və iqtisadi inkişafın dəstəklənməsində rolunu vurğulayıb. O, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün əldə olunması və Tramp marşrutunun inkişafı nəticəsində yarana biləcək iqtisadi imkanları qeyd edib.

"Davamlı sülh sərhədləri aça, icmalar arasında əlaqələri bərpa edə, ticarəti genişləndirə, yeni imkanlar yarada və yeni nəslə qonşularını münaqişə və müharibələr vasitəsilə deyil, ticarət və əməkdaşlıq yolu ilə tanımaq imkanı verə bilər", - deyə Həmadeh bildirib.

O, həmçinin ABŞ-ın regionda daha fəal iqtisadi iştirakının ölkənin kommersiya və strateji maraqlarına cavab verdiyini bildirib.

"ABŞ-ın iştirakı regiona göstərilən xidmət deyil. Bu, həqiqətən əhəmiyyətli olan bir regionda ABŞ-ın uzunmüddətli iştirakıdır", - deyə Həmadeh qeyd edib.

"Bu dəhliz ABŞ-ın təchizat zəncirlərini gücləndirə və enerji resurslarına, eləcə də kritik əhəmiyyətli minerallara çıxışı təmin etməyə kömək edə bilər. Bu, Amerika iş yerləri, Amerika biznesi və ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı diplomatiyadır", - deyə o əlavə edib.

Həmadeh həmçinin regional inteqrasiyanın dərinləşdirilməsi üçün əlavə addımların atılmasına, o cümlədən Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasına və Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğv edilməsinə çağırıb.

Sonda o bildirib: "Ermənistan və Azərbaycan xalqları Cənubi Qafqazın keçmiş müharibələrlə deyil, gələcəyin imkanları ilə müəyyən olunmasına layiqdirlər".

Xəbər lenti

Xəbər lenti