Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis olunmuş və ABŞ-nin rəhbərlik etdiyi Sülh Şurası üzvlərinin iclasında Qəzza zolağının bərpası üçün 2,45 milyard dollar dəyərində altı aylıq plan təqdim edəcək.
"Axios" nəşrinin məlumatına görə, sənəd müvəqqəti yaşayış məntəqələrinin salınması, dağıntıların təmizlənməsi, xəstəxanaların bərpası, iqtisadiyyatın dirçəldilməsi və çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə xərcləri nəzərdə tutur.
“Bu plan sıfırdan hökumətin necə qurulacağını, dağıntılar içərisindən iqtisadiyyatın necə bərpa ediləcəyini və fəlakətə məruz qalmış ərazinin necə yenidən qurulacağını göstərir”, - Sülh Şurasının nümayəndəsi bildirib.
Şura İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən və ölkədə yeni hökumətin formalaşdırılmasından sonra Qəzzanın bərpası prosesinin başlaya biləcəyini gözləyir.
Qeyd edək ki, 16 yanvar 2026-cı il tarixində ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılması barədə qərar qəbul etdiyini elan edib.
Sülh Şurasının açıqlanmış məqsədi sabitliyin təmin olunmasına töhfə vermək, qanuni idarəçiliyi bərpa etmək və münaqişə zonalarında, ilk növbədə 2023–2025-ci illərdəki müharibədən sonra Qəzza sektorunda dayanıqlı sülhü təmin etməkdir. Birləşmiş Millətlər Təşkilatı bunu 2025-ci ilin noyabr ayında 2803 saylı qətnamə ilə təsdiqləyib.
Ağ Ev Sülh Şurasına iki qurumun tabe olacağını elan edib : İcraiyyə Şurası və Qəzza üzrə İcra Komitəsi. Onun tərkibinə qoşulmaq üçün onlarla dövlət başçısına dəvət göndərilib.
Yanvar ayının 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimi keçirilib.
