Metrostansiyalara ödənişsiz giriş “20 Yanvar” istiqamətində sıxlığı azaltmağa xidmət edir - Bəxtiyar Məmmədov

Gündəm Xəbər 23 Sentyabr 2026 09:34 (UTC +04:00)
Metrostansiyalara ödənişsiz giriş “20 Yanvar” istiqamətində sıxlığı azaltmağa xidmət edir - Bəxtiyar Məmmədov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına girişin ödənişsiz təşkili “20 Yanvar” stansiyasının ətrafında, Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazidə) nəqliyyat sıxlığını azaltmağa xidmət edir.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından tətbiq olunan yeni yanaşmanın məqsədi Sumqayıt, Xırdalan, Masazır və Bakı–Şamaxı yolu istiqamətindən paytaxta gələn sərnişinlərə alternativ hərəkət imkanları yaratmaqdır.

B.Məmmədov qeyd edib ki, Sumqayıt şosesindən gələn sərnişinlər şəhər mərkəzinə əsasən “20 Yanvar” stansiyasının yerləşdiyi ərazidən keçməklə hərəkət edirlər.

“Metropolitenin Yaşıl xətti də “Nizami” stansiyasına qədər eyni trayektoriya üzrə uzansa da, yerüstü nəqliyyatda sıxlıq, metroda isə sərnişin seyrəkliyi müşahidə olunur. Hazırda Bakı Metropoliteninin Yaşıl xəttində 50 faizdən artıq, Bənövşəyi xəttdə isə 35–40 faiz arasında sərnişin azalması müşahidə olunur”, – deyə o bildirib.

Qurum rəsmisi vurğulayıb ki, sərnişinlərin metroya yönəldilməsi bu qeyri-bərabərliyin aradan qaldırılmasına, şəhər mərkəzinə doğru yollarda nəqliyyat yükünün azalmasına müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müxtəlif istiqamətlərdən təxminən 16 avtobus marşrutunu “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönəldib. Avtobusların stansiyaların yaxınlığında dayanması sərnişinlərin metroya keçidini asanlaşdıracaq.

B.Məmmədov ödənişsiz gedişin yalnız bu iki stansiya ilə məhdudlaşmadığını da diqqətə çatdırıb:

“Hər iki stansiyadan daxil olan sərnişinlər Yaşıl xəttin bütün stansiyalarına keçid edə bilirlər və bu da ödənişsizdir. Yəni "Memar Əcəmi" stansiyasında düşən sərnişinlər Yaşıl xəttə keçməklə həm ‘Dərnəgül’, həm də ‘Nizami’ stansiyasına doğru ödənişsiz hərəkət edə bilirlər”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, səhər saatlarında aparılan müşahidələr bəzi sərnişinlərin yeni imkanlarla bağlı əlavə məlumatlandırılmasına ehtiyac olduğunu göstərib. Yaxın günlərdə avtobuslarda və metro stansiyalarında maarifləndirmə işləri gücləndiriləcək, stansiyaların girişlərində könüllülər sərnişinlərin məlumatlandırılmasına cəlb olunacaqlar.

O bildirib ki, “Bakı Metropoliteni” və AYNA sərnişin axını üzrə birgə monitorinqləri davam etdirəcək.

Qeyd edək ki, bu gündən metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsizdir.

Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə bilirlər.

Sərnişinlərin “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.

Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayırlar.

Bundan başqa avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat va maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.

Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi metronun “Xocəsən” stansiyası təyin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti