Bakı.Trend:
Nyu-Yorkda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş Kiyevin maliyyələşdirilməsi məsələsinə görə gərgin keçib.
Bu barədə “Bloomberg” söhbətin məzmunundan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Görüşdə Aİ nümayəndələri Kiyevdən "kölgə iqtisadiyyatının" azaldılmasına, vergi daxilolmalarının artırılmasına və Ukrayna qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasına yönəlmiş qanunların qəbulunda irəliləyiş tələb ediblər. Onlar Ukraynanın maliyyələşdirilməsinin artırılmasını bu tələblərin yerinə yetirilməsi ilə əlaqələndiriblər.
Görüşdən sonra fon der Lyayen “X” sosial şəbəkəsində Ukraynaya əlavə müdafiə dəstəyi göstəriləcəyini, gələcək büdcə maliyyələşdirilməsinin isə Ali Radada islahatların həyata keçirilməsində əldə olunacaq irəliləyişdən asılı olacağını yazıb.
Onun sözlərinə görə, ilin sonunadək Aİ-nin sərəncamında 37 milyard avro vəsait qalmaqdadır.
