Bakı.Trend:
Sentyabrın 21-də Yaponiyaya daxil olan “Ducuan” tayfunu Honsu adasında ciddi fəsadlara o cümlədən can itkisinə səbəb olub. Azı 4 nəfər ölüb, 6 nəfər itkin düşüb.
Yaponiya KİV-nin məlumatınat görə, bu barədə Tokionun yaxınlığında yerləşən və tayfundan ən çox zərər çəkən Kanaqava və Tiba prefekturalarının polisi idarələrinin bəyanatlarında bildirilir.
Həlak olanların hamısı güclü leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrinin qurbanı olub. Güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. İki prefekturada 430-dan çox yaşayış evinə ciddi ziyan dəyib.
Havanın yaxşılaşmasına baxmayaraq, Tokio ərazisində bir çox dəmir yolu xətlərində hərəkət dayandırılıb. Sentyabrın 20-də yağan intensiv yağışlardan sonra dəmir yolu xətlərinin və avadanlıqların vəziyyəti yoxlanılır. Son iki sutkada bəzi ərazilərdə 410 mm-dən çox yağıntı düşüb.
Sentyabrın 20-də Tokio ətrafında 1,6 milyondan çox sakinə torpaq sürüşməsi və daşqın təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları tərəfindən təxliyə tövsiyəsi verilib. Regionun yollarında onlarla su basmış və mühərriki sönmüş avtomobil qalıb.
