Bakı. Trend:
Azərbaycanda keçiriləcək “ADEX 2026” sərgisində iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Bu barədə məlumat sərginin rəsmi saytında dərc edilib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil ediləcək.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələrin şirkətləri sərgilərdə stendlərlə iştirak edəcəklər.
Qeyd edək ki, sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – “ADEX 2026” keçiriləcək. Qafqaz regionunun iri hərbi-texnoloji platformalarından olan sərgidə müasir hərbi texnologiya və avadanlıqlar, eləcə də Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdiriləcək.
Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian” da təşkil olunacaq.
“Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunacaq. Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edəcək. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkə olacaq.
Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.
Türkiyənin “Roketsan” şirkəti "ADEX" sərgisinin Baş sponsoru, ABŞ-nin “Northrop Grumman” şirkəti isə Ölkə tərəfdaşı sponsorudur.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
