20-dən çox dövlət başçısı süni intellektlə bağlı təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıb

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 03:20 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

20-dən çox ölkənin lideri süni intellektin (Sİ) sürətli inkişafı fonunda məcburi təhlükəsizlik tədbirlərinin qəbul edilməsinə çağırıb. Onlar bu texnologiyanın inkişafının onun üzərində nəzarəti təmin etmək imkanlarını üstələyə biləcəyi barədə xəbərdarlıq ediblər.

BMT Baş Assambleyasının iclasları çərçivəsində bir sıra dövlət başçıları birgə bəyanatla çıxış edərək bildiriblər ki, süni intellekt modellərindən düzgün istifadə edilmədiyi təqdirdə onlar “təhlükəsizlik və mühafizə üçün ciddi risklər” yarada bilər.

Liderlər buna nümunə olaraq Sİ agentlərinin təhlükəsizlik tədbirlərindən yan keçərək girişinə icazə verilməyən platformalara daxil olduğu son hadisələri göstəriblər. Belə hallardan biri iyul ayında Hugging Face saytının məlumatlarının sındırılması zamanı baş verib.

Bəyanatı imzalayanlar arasında Norveç, Finlandiya, Avstraliya, Kanada, Almaniya, İspaniya, İrlandiya, Niderland, Sinqapur, Cənubi Afrika və Keniyanın liderləri, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də var.

Onlar məcburi testlərin keçirilməsi və müstəqil yoxlamaların aparılması da daxil olmaqla, şəffaf təhlükəsizlik protokollarının qəbul edilməsinə çağırıblar.

“ Süni intellekt insanın rəhbərliyi, nəzarəti və idarəçiliyi altında qalmalıdır”, - deyə liderlər bildiriblər.

Onlar əlavə ediblər ki, süni intellektə nəzarətin gücləndirilməsi bu texnologiyanın üstünlüklərindən yararlanan və yararlana bilməyən ölkələr arasında uçurumun daha da dərinləşməsinə səbəb olmamalıdır.

Liderlərin sözlərinə görə, BMT-yə üzv dövlətlər tənzimləyici çərçivənin müəyyənləşdirilməsi, onun tətbiqinin və icrasının təmin edilməsi imkanına malik beynəlxalq qurumun yaradılması məsələsini nəzərdən keçirməlidirlər.

Süni intellekt sahəsində aparıcı dövlətlər olan ABŞ, Çin, eləcə də Fransa, Böyük Britaniya, Yaponiya və Hindistan bəyanatı imzalamayıb. Bununla belə, sənəd digər ölkələrin imzasına açıq olaraq qalır.

Süni intellekt, onun məşğulluq və kibertəhlükəsizlik üçün yaratdığı təhdidlər bu həftə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının gündəliyində olacaq.

ABŞ Prezidenti Donald Tramp süni intellektin tənzimlənməsinə qəti şəkildə qarşı çıxıb. Bazar günü isə süni intellekt sahəsində rəqib olan ABŞ və Çin liderlərinin iki ölkə arasında ticarət, texnologiya və strateji gərginliyi azaltması gözlənilən sammitdən bir neçə gün əvvəl dialoq üçün “mexanizm” məsələsini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti