Bakı. Trend:
ABŞ Ukrayna münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirmək niyyətindədir və hesab edir ki, onun həll olunması yalnız zaman məsələsidir.
Bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında deyib.
“Biz bunu həll etməyə çalışmağa davam edəcəyik. Hesab edirəmmi ki, bu, nəticədə həll olunacaq? Bəli. Bu sadəcə zaman məsələsidir”, - deyə o bildirib.
Bununla yanaşı, Vens ABŞ Prezidenti Donald Trampın bu həftənin sonunda Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını da təsdiqləyib.
“Anladığım qədər, o, (ABŞ Prezidenti Donald Tramp - red.) Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski - red.) ilə ya sabah (22 sentyabr), ya da bir gün sonra (23 sentyabr) görüşəcək. Əminəm ki, müəyyən yaxşı irəliləyiş əldə olunacaq”, - deyə Birləşmiş Ştatların Vitse-prezidenti qeyd edib.
Sentyabrın 22-də Tramp BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Nyu-Yorkda olacaq. Sentyabrın 23-də isə onun Vaşinqtonda olacağı ehtimal edilir.
