Bakı. Trend:
Saloniki Aristotel Universitetinin alimləri müəyyən ediblər ki, Yer kürəsində kütlənin yenidən paylanması planetin formasına tədricən təsir göstərir. Araşdırmaya görə, Yerin bərk səthi qütblərdə əvvəlki ilə müqayisədə daha az yastılanmış forma alır, qravitasiya sahəsinin forması isə əks istiqamətdə dəyişərək daha çox yastılanır.
Tədqiqatın nəticələri “Journal of Geophysical Research: Solid Earth” (JGR) jurnalında dərc olunub.
Yer kürəsi tam ideal sferaya bənzəmir. Planetin öz oxu ətrafında fırlanması nəticəsində ekvator istiqamətində bir qədər genişlənmə, qütblərdə isə yastılanma müşahidə olunur. Alimlər 1997–2015-ci illəri əhatə edən qlobal peyk naviqasiya stansiyaları şəbəkəsinin (GNSS) məlumatlarını təhlil edərək bu xüsusiyyətin zaman ərzində necə dəyişdiyini müəyyənləşdiriblər.
Araşdırma göstərib ki, qütb ərazilərində Yer səthinin yüksəlmə tempi təxminən iki dəfə artıb. Belə ki, 1990-cı illərin sonlarında qütblərdə səthin qalxma sürəti ildə təxminən 0,5 millimetr olduğu halda, 2015-ci ilədək bu rəqəm təxminən 1 millimetrə yüksəlib.
Alimlər bu dəyişikliklərin əsas səbəblərindən biri kimi Qrenlandiya və Antarktidadakı buz örtüyünün əriməsini göstərirlər. İri buz kütlələrinin əriməsi onların altında yerləşən Yer qabığının üzərindəki yükü azaldır və qabıq tədricən yuxarı qalxmağa başlayır. Digər tərəfdən, ərimiş buzların suları okeanlara daxil olaraq, xüsusilə ekvatora yaxın ərazilərdə səthə düşən təzyiqi artırır və həmin bölgələrdə tədricən çökmə prosesinə səbəb olur.
Beləliklə, Yerin bərk səthi daha az yastılanmış formaya doğru
dəyişir və planet sanki bir qədər “açılır”. Bununla yanaşı,
kütlənin yenidən bölüşdürülməsi Yerin qravitasiya sahəsinə fərqli
təsir göstərir. Suyun qütblərdən daha aşağı enliklərə doğru
hərəkəti planetin qravitasiya formasının daha çox yastılanmasına
gətirib çıxarır.