“Əsrin müqaviləsi”: AÇG-dən 32 ildə 628 milyon ton neft, 253 milyard kubmetr qaz hasil edilib

İqtisadiyyat Xəbər 20 Sentyabr 2026 10:17 (UTC +04:00)
“Əsrin müqaviləsi”: AÇG-dən 32 ildə 628 milyon ton neft, 253 milyard kubmetr qaz hasil edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür. Azərbaycanın neft-qaz sektorunda mühüm layihələrdən biri olan Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində 1 sentyabr 2026-cı il tarixinədək 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazovun "X" hesabında paylaşdığı məlumatda bildirilib.

Məlumata görə, 20 sentyabr 1994-cü ildə 7 ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə AÇG yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 illik Saziş imzalanıb. İlkin mərhələdə AÇG-dən 500 milyon ton neft hasil edilməsi hədəfi müəyyənləşdirilib.

2017-ci il sentyabrın 14-də AÇG üzrə saziş dəyişdirilərək yenidən işlənib və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Yenilənmiş sazişlə AÇG-nin işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. Eyni zamanda, SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə yüksəldilib və Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyən edilib.

2019-cu il aprelin 19-da isə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub. ACE platformasından ilk neft 2024-cü il aprelin 16-da hasil edilib. Layihənin istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi hədəflənir.

Məlumatda qeyd olunur ki, 2024-cü il sentyabrın 20-də AÇG-dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb. 2026-cı il iyunun 1-dən isə AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb.

2026-cı il sentyabrın 1-dək AÇG-dən 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib. Hasil olunan qazın 63 milyard kubmetrdən çoxu Azərbaycan dövlətinə təhvil verilib.

Hazırda AÇG-də iştirak paylarının 35,30 faizi SOCAR-a, 30,37 faizi BP-yə, 9,57 faizi MOL Group-a, 9,31 faizi INPEX-ə, 6,79 faizi ExxonMobil-ə, 5,73 faizi TPAO-ya və 2,92 faizi ONGC Videsh-ə məxsusdur.

"Əsrin Müqaviləsi"nin imzalanmasından 32 il ötür. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi saziş Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə, beynəlxalq etimada və strateji enerji tərəfdaşlığı|na çevirdi. Bu gün həmin möhkəm təməl üzərində yeni enerji layihələri və "yaşıl enerji dəhliz"ləri ilə ölkəmizin enerji tarixinin növbəti səhifəsini yazırıq", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti